“İnadkar və müdrik siyasətçi”

 

Fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 70 yaşı tamam olub. Yubiley münasibətilə Türkiyə liderinə bir çox dövlət başçılarından təbriklər gəlib.

Azərbaycan Prezidenti İlham Əliyev də qardaş ölkənin rəhbərini təbrik edib. “Sizin ömür yolunuz Vətənə və xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsidir. Siz qardaş Türkiyənin rifahı, bugünkü inkişafı, beynəlxalq aləmdə layiqli yer tutması naminə fədakarcasına çalışan böyük şəxsiyyət, zəmanəmizin görkəmli dövlət xadimisiniz. Siz üzərinizə düşən məsul tarixi missiyanı inam və qətiyyətlə yerinə yetirərək, uzaqgörən və məqsədyönlü siyasətinizlə ölkənizi dünyanın ən aparıcı və qüdrətli dövlətləri sırasına çıxarmısınız. Türkiyənin son iyirmi ildə əldə etdiyi mühüm nailiyyətləri və uğurları məhz Sizin adınızla bağlıdır”, – deyə təbrikdə vurğulanır.

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək ona 70 illiyi münasibətilə təbriklərini çatdırıb. Kremlin məlumatında deyilir ki, Putin telefon danışığı zamanı Ərdoğanın ölkəsində və xaricdə yüksək nüfuzunu, türk xalqının rifahı naminə uzun illər dövləti fəaliyyətini, xüsusilə də Türkiyənin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsində xidmətlərini qeyd edib.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov isə təbrik məktubunda Ərdoğana iki ölkənin münasibətlərinin inkişafına verdiyi böyük şəxsi töhfəyə görə Türkmənistanın “Fəxri ağsaqqalı” (“Hormatly il a ulusy”) adının verildiyini diqqətə çatdırıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko türkiyəli həmkarına təbrik məktubunda onu “inadkar və müdrik siyasətçi” kimi xarakterizə edib. “Qeyri-adi peşəkar fəaliyyətiniz, sizə xas olan xarizma və praqmatizm əsl hörmət oyadır” deyən Lukaşenko Ərdoğanla tezliklə “Minsk və Ankara münasibətlərində yeni səhifə açacaq” görüşə ümid etdiyini də bildirib.

Qeyd edək ki, ötən əsrin 70-ci illərindən siyasətdə olan Rəcəb Tayyib Ərdoğan 1994–1998-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı olub. Onun lideri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) 2002-ci ildən Türkiyədə hakimiyyətdədir. Ərdoğan 2003–2013-cü illərdə Türkiyənin Baş naziri olub (2018-ci ildə Baş nazir postu ləğv olunub – red.), 2014-cü ildən Türkiyənin Prezidentidir. 2023-cü ilin mayında üçüncü dəfə bu vəzifəyə seçilib.