Balakən rayon Mədəniyyət Mərkəzində narkomaniyaya qarşı mübarizə ilə bağlı “Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə” layihəsi çərçivəsində “Külə dönmüş arzular” tamaşası nümayiş olunub. Pakizə Hüseynova və Mirzəağa Məmmədovun ssenarisi əsasında səhnələşdirilmiş tamaşaya mərkəzin bədii rəhbəri Zöhrə Bakayeva quruluş verib.

Nümayişdən əvvəl Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Turan Dibirov, rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Elxan Zamanov çıxış ediblər. Narkomaniyanın fəsadlarından, bu qorxulu bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışılıb.

Səhnə işində rolları Mədəniyyət Mərkəzinin əməkdaşları, mərkəzdə fəaliyyət göstərən könüllülər və şagirdlər ifa ediblər.