Son 10 il ərzində İstanbula gələn əcnəbi turist sayı 66 faiz artıb. Bu barədə İstanbul Mədəniyyət və Turizm Departamentinin məlumatında bildirilib.

Qeyd olunur ki, 2013-cü ildə Türkiyənin bu ən böyük şəhərinə 10 milyon 475 min əcnəbi turist səyahət etmişdi. 2023-cü ilin yekunlarına əsasən, bu göstərici 14 milyon 370 min olub.

Türkiyənin Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) sədri Firuz Bağlıkayanın sözlərinə görə, bu müddətdə İstanbulun turizm potensialı “ITB Berlin”, “WTM London” kimi beynəlxalq turizm sərgilərində geniş şəkildə təbliğ edilib. Konqres-sərgi tədbirləri də İstanbula turist axınına müsbət təsir göstərib.

Bu arada Türkiyəyə Rusiyadan gələn turistlərin sayı azalıb. Ölkənin Mədəniyyət və Turizm Nazirliyinin statistikasına görə, yanvar ayında Türkiyəyə Rusiyadan gələn turistlər bir il əvvəlkindən 17,6% az olub. İlin ilk ayında ölkəyə 230 579 rusiyalı səfər edib. 2023-cü ilin yanvarında bu göstərici 279 818 nəfər olub.

Ümumilikdə bu dövr ərzində Türkiyə xaricdən 2 milyondan çox qonaq qəbul edib. Azalmaya baxmayaraq, yanvar ayında Türkiyəyə səfər edən əcnəbilər arasında ruslar lider olaraq qalırlar. Ümumi turist sayında onların payı 11%-dir. Sonrakı yerləri İran, Bolqarıstan, Almaniya və Gürcüstandan gələnlər tutur.