Məşhur caz pianoçusu və bəstəkar, “Qremmi” mükafatçısı Alfredo Rodriges triosu ilə yenidən Bakının qonağı olub.

Martın 3-də Heydər Əliyev Mərkəzində keçirilən konsertdə caz ritmləri, dinamik improvizasiyalar dinləyicilərə xoş anlar yaşadıb.

Kubalı cazmen ilk dəfə 2006-cı ildə İsveçrədə, Montrö Caz Festivalında özünə diqqəti cəlb etməyi bacarıb. 2009-cu ildə ABŞ-yə köçüb və orada – cazın vətənində musiqinin bu janrının aparıcı ifaçılarından birinə çevrilib. Dünyanın bir çox səhnələrində konsertlər verən Alfredo Rodriges sərhədsiz potensiala malik pianoçu kimi tanınır.

Xatırladaq ki, A.Rodriges dünya turu çərçivəsində 2023-cü ilin iyul ayında triosu ilə V Beynəlxalq Bakı Yay Caz Günlərində Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.