Parisdəki “Maisonneuve & Larose”, “Hemispheres” nəşriyyat evlərinin ofisində Fransanın Elmi-Tədqiqatlar Milli Mərkəzinin (CNRS) tədqiqatçısı, XX əsrdə Yaxın Şərq və Mərkəzi Asiyanın İslam tarixçisi, rus, özbək, tacik, Azərbaycan və İran ədəbiyyatının tərcüməçisi Stefan Düdvanyonun (Stephane A.Dudoignon) Cəlil Məmmədquluzadənin novellaları əsasında hazırladığı “Dəllək və digər novellalar” kitabının təqdimatı olub.

Kitabda görkəmli ədibin “Dəllək”, “Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “Kişmiş oyunu”, “Pirverdinin xoruzu”, “Quzu”, “Xanın təsbehi”, “Molla Fəzləli” kimi novellaları yer alıb.

Təqdimatda Stefan Düdvanyon ədibin həyat və yaradıcılığı haqında məlumat verib. Onun Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında fəaliyyətindən, yazıçı və jurnalist kimi formalaşmasında qəzetin və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin rolundan söz açılıb. Diqqətə çatdırılıb ki, Cəlil Məmmədquluzadə ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin” jurnalının nəşri ilə Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoyub.