Martın 12-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli yazıçı, ədəbiyyatşünas-alim, pedaqoq, professor Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib.

Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, millət vəkilləri, incəsənət və elm xadimləri iştirak ediblər.

Tədbiri açıq elan edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Humanitar fənlər kafedrasının müdiri filologiya elmləri doktoru, professor Tərlan Quliyev bildirib ki, Azərbaycan Prezidentinin Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamına uyğun olaraq keçirilən tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və BMA-nın təşkilatçılığı ilə reallaşır. Alim qeyd edib ki, “Füzuli sənətkarlığı” kitabı qiymətli mənbə və Füzuli haqqında müasir elmi-metodologiya ilə yazılan ilk monoqrafiya kimi əhəmiyyətlidir.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov tədbirin dahi şairin 530 illik yubileyinə töhfə olduğunu bildirib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova  Füzulinin zəngin sənət dünyasından bəhs edən kitabda şairin zəngin bədii irsinin mükəmməl şərh olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan rəssam və heykəltaraşlarının zaman-zaman Füzuli əsərlərinə müraciət etdiklərini, diqqətəlayiq əsərlər yaratdıqlarını bildirib. Qeyd olunub ki, xüsusilə Səttar Bəhlulzadənin Füzuliyə və onun poeziyasına həsr etdiyi əsərlər rəssamın yaradıcılığının zirvəsi hesab edilə bilər.

Klassik Azərbaycan poeziyasında Füzulinin xüsusi yeri, dəst-xətti olduğunu qeyd edən millət vəkili Ceyhun Məmmədov şairi həm də böyük İslam mütəfəkkiri, alimi kimi səciyyələndirib: “Azərbaycanda Füzuli yaradıcılığını ən geniş araşdıran alimlərdən biri də Mir Cəlal Paşayevdir. Onun “Füzuli sənətkarlığı” əsərinin bir il əvvəl ADA Universiteti tərəfindən alman dilinə tərcümə olunması böyük mədəni hadisədir. Bu kitab klassik irsimizin, mədəni kimliyimizi dünyaya təbliği baxımından böyük əhəmiyyət kəsb edir”.

BMA-nın prorektoru, Xalq artisti Yeganə Axundova, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, BMA-nın Musiqi tarixi kafedrasının professoru Zümrüd Dadaşzadə, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov da çıxış edərək nəşr və Füzuli irsi haqqında fikirlərini bölüşüblər. Qeyd edilib ki, Füzuli haqda ilk sanballı elmi əsərlərdən birini məhz Mir Cəlal yazıb. Onun “Füzuli sənətkarlığı” kitabı elmi əhəmiyyətini bu gün də saxlayır və Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutur.

Təqdimat mərasimində muzeyin kolleksiyasından böyük şairin obrazı və poeziyasını əks etdirən əsərlər nümayiş etdirilib. Həmçinin Füzuli poeziyasına bəstələnmiş klassik əsərlər və muğam triosunun ifaları təqdim olunub.

Qeyd edək ki, Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasını 1958-ci ildə genişləndirərək “Füzuli sənətkarlığı” adı altında monoqrafiya kimi nəşr etdirib. Kitab füzulişünaslıqda böyük bir hadisə kimi qəbul olunub. Müəllif nəşrdə Füzuli yaradıcılığının ayrı-ayrı mərhələlərini və motivlərini sistemli araşdıraraq dahi şairin ədəbi irsinin ümumi mənzərəsini elmi cəhətdən göstərməyə nail olub.

Kitab ötən il Almaniyanın Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilib. Bir neçə ölkədə nəşrin təqdimatı keçirilib.

Lalə Azəri