Çinin Honkonq şəhərində 11 –14 mart tarixlərində keçirilən Beynəlxalq Film və Televiziya Bazarında (FILMART) Azərbaycan Mədəniyyət Nazirliyi də təmsil olunub.

Honkonq Ticarət İnkişafı Şurası (Hong Kong Trade Development Council – HKTDC) tərəfindən təşkil olunan FILMART-da 40-dək ölkədən istehsal, distribusiya, satış agentləri, xidmət təminatçıları, investorlar və sənaye mütəxəssisləri iştirak ediblər.

Nüfuzlu kino konqresi ölkəmizdə yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, həmçinin yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi baxımından əhəmiyyətli platformadır. Honkonq Konqres və Sərgi Mərkəzində keçirilən tədbir çərçivəsində Azərbaycanın film çəkilişi məkanı olaraq təbliğ olunması, birgə istehsal üçün imkanların araşdırılması məqsədilə müxtəlif ölkələrin film sənayesi nümayəndələri ilə görüşlər keçirilib.