17 mart 1905 – Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 – 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir. Rus və dünya ədəbiyyatından bədii tərcümələr edib.

17 mart 1923 – Əməkdar artist Mirvari Balahacı qızı Novruzova (1923 – 20.3.1994) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktrisası olub, filmlərdə, televiziya tamaşalarında çəkilib.

 

18 mart 1916 – Şair, tərcüməçi Böyükağa Məmməd oğlu Qasımzadə (1916 – 29.8.1957) anadan olub. Rus ədəbiyyatından, M.Füzulinin “Yeddi cam” əsərini farscadan tərcümə edib.

18 mart 1922 – Dramaturq Qeybulla İbadulla oğlu Rəsulov (1922 – 11.9.1988) Qax rayonunun İlisu kəndində doğulub. Pyesləri: “Günəşlə oyananlar”, “Şəhərli oğlan”, “Bir “Volqa” məhəbbət” və s.

18 mart 1979 – Ustad xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 20.8.1901 – 1979) vəfat edib. “Şuşanın dağları”, “Ay gözəl” və s. mahnı və təsnifləri bəstələyib.

 

19 mart 1901 – Xalq artisti Ələkbər Seyfulla oğlu Seyfi (1901 – 15.12.1977) Tiflisdə anadan olub.

19 mart 1907 – Əməkdar artist Sadıq Saleh Xəlil oğlu Bağırov (1907–1977) Bakıda anadan olub.

19 mart 1925 – Dövlət xadimi, yazıçı-publisist, maarifçi Nəriman Kərbəlayı Nəcəf oğlu Nərimanov (14.4.1870 – 1925) vəfat edib.

19 mart 1928 – Tanınmış aktyor Əfrasiyab Məmmədov (1928 – 18.11.1990) Gəncədə doğulub. “Qızmar günəş altında”, “Dədə Qorqud” və s. filmlərdə çəkilib.

19 mart 1994 – Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev (31.3.1936 – 1994) Bakı metrosunda (“20 Yanvar” stansiyası) baş verən terror hadisəsində həlak olub.

 

20 mart 1879 – Xalq artisti, tanınmış opera müğənnisi, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev; 1879 – 16.2.1945) anadan olub.

20 mart 1906 – Əməkdar incəsənət xadimi, rejissor Ağəli Əliabbas oğlu Dadaşov (1906 – 7.12.1973) Bakıda doğulub. Akademik Dram, Gənc Tamaşaçılar, Gəncə, Naxçıvan teatrlarında çalışıb.

20 mart 1912 – Azərbaycanın və Rusiyanın Xalq artisti, rejissor Ənvər Məcid oğlu Behbudov (1912–1998) anadan olub. Rusiyanın teatrlarında çalışıb. 60-70-ci illərdə Azərbaycanda Opera və Balet, Rus Dram teatrlarının baş rejissoru olub.

20 mart 1928 – Xalq rəssamı, heykəltaraş Kamal Camal oğlu Ələkbərov (1928 – 21.5.2009) Füzuli rayonunda anadan olub. “Azərbaycanfilm” kinostudiyasında Cəfər Cabbarlının heykəlinin müəllifidir.

20 mart 1945 – Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Zahid İsa oğlu Hüseynov (1945 – 27.7.2012) anadan olub.

 

21 mart 1896 – Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 1896 – 20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. “Səbuhi”, “Fətəli xan” filmlərində çəkilib.

21 mart 1898 – Xalq artisti İsmayıl Məmmədəli oğlu Talıblı (Talıbzadə; 1898–1967) anadan olub. Akademik Milli Dram, Gəncə Dövlət Dram teatrlarında çalışıb, filmlərə çəkilib.

21 mart 1900 – Əməkdar elm xadimi, türkoloq Muxtar Hüseyn oğlu Hüseynzadə (1900–1985) Güney Azərbaycanın Mərənd vilayətinin Zunuz kəndində anadan olub.

21 mart 1906 – Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 1906 – 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. 20-dən çox poemanın, “Vaqif”, “Fərhad və Şirin”, “İnsan” və s. mənzum dramların müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948) olub.

21 mart 1910 – Əməkdar artist Reyhan Qəmbər qızı Tağıyeva (1910–1973) Tiflisdə doğulub. Tiflis Azərbaycan Teatrının ilk aktrisalarındandır. 1956-cı ildən Gəncə teatrında çalışıb.

21 mart 1914 – Xalq artisti Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 – 23.2.1983) anadan olub. 50 ilə yaxın Gənc Tamaşaçılar Teatrında çalışıb. Filmlərdə yaddaqalan obrazlar yaradıb.

21 mart 1920 – Xalq rəssamı Ağa Cəfər oğlu Mehdiyev (1920 – 15.5.2003) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.

21 mart 1921 – Yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi, professor Nurəddin Həsən oğlu Babayev (1921–1991) Gəncə şəhərində doğulub. BDU-da Jurnalistika fakültəsinin ilk dekanı olub.

21 mart 1924 – Tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 1924 – 12.10.1990) Tovuz rayonunun Azaflı kəndində doğulub.

21 mart 1968 – Əməkdar artist, vokal ifaçısı Aliyə Ramazan qızı Terequlova (1915-1968) vəfat edib. Opera və Balet, Musiqili Komediya teatrlarında opera və operettalarda çıxış edib, Gənc Tamaşaçılar Teatrında çalışıb.

21 mart 2021 – Xalq artisti Ramiz Soltan oğlu Məmmədov (26.9.1951 – 2021) vəfat edib. Akademik Musiqili Teatrda çalışıb.

 

22 mart 1899 – Böyük dramaturq, yazıçı, şair, Əməkdar incəsənət xadimi Cəfər Qafar oğlu Cabbarlı (1899 – 31.12.1934) Xızı kəndində doğulub. Milli dramaturgiyanın inkişafında yeni mərhələnin təməlini qoyub. Şeir və hekayələrin, tərcümələrin, milli kinomuzda ilk ssenarilərin (“Hacı Qara”, “Sevil”, “Almaz” filmləri) müəllifidir.

22 mart 1900 – Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (1900 – 11.10.1983) Qubadlı rayonunun Əyin kəndində anadan olub. “Şamo”, “Saçlı”, “Mehman”, “Qafqaz qartalı”, “Ağbulaq dağlarında” və s. əsərlərin müəllifidir.

22 mart 1909 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı Mehdi Əli oğlu Hüseyn (1909 – 10.3.1965) Qazax rayonunun İkinci Şıxlı kəndində doğulub. “Səhər”, “Abşeron”, “Qara daşlar” (romanlar), “Alov” (pyes) və s. əsərlərin müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb.

22 mart 1913 – Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (1913 – 3.11.1983) anadan olub. Gənc Tamaşaçılar, Akademik Dram teatrlarında çalışıb. Filmlərdə, televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.

22 mart 1914 – Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Əmir oğlu Abdullayev (1914 – 9.12.1973) Şəkidə doğulub. Musiqili Komediya Teatrında çalışıb, “Arşın mal alan” (1945), “Əhməd haradadır?”, “Ulduz” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

22 mart 1915 – Xalq rəssamı Baba Balababa oğlu Əliyev (1915 – 27.3.1991) Bakının Zirə qəsəbəsində anadan olub. Məşhur əsərləri: “Mədəndə”, “Neftçilərin istirahəti”, “Tankçıların istirahəti” və s.

22 mart 1917 – Xalq artisti Yusif Abdulla oğlu Vəliyev (1917 – 18.3.1980) Dərbənddə doğulub. Şəki Dram, Gənc Tamaşaçılar teatrlarında çalışıb. “Nəsimi”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Uşaqlığın son gecəsi”  və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

22 mart 1919 – Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 – 26.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub. “Dəli Kür”, “Ayrılan yollar”, “Ölən dünyam” romanlarının, povest və hekayələrin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.

22 mart 1919 – Tanınmış kinooperator Xan Yusif oğlu Babayev (1919 – 2.9.1967) anadan olub. Çəkdiyi filmlər: “Ögey ana”, “Böyük dayaq”, “Yenilməz batalyon” və s.

22 mart 1925 – Xalq artisti Zəroş Mirzəbağır qızı Həmzəyeva (1925 – 6.6.2004) Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

22 mart 1931 – Şair Əli Kərim (Əli Paşa oğlu Kərimov; 1931 – 30.6.1969) Göyçayda anadan olub.

22 mart 1933 – Xalq artisti Rübabə Xəlil qızı Muradova (1933 – 28.8.1983) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Opera və Balet Teatrının solisti olub.

22 mart 1938 – Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri (1938 – 28.1.2010) Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. “Dalanda”, “Qorxu” və s. romanların, “Köhnə bərə” filminin ssenari müəllifidir.

22 mart 2018 – Əməkdar rəssam, tanınmış qrafika ustası Adil Əliağa oğlu Rüstəmov (11.3.1943 – 2018) vəfat edib.

22 mart 2023 – Əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Vidadi oğlu Əliyev (19.6.1968 – 2023) vəfat edib.

Hazırladı: V.Orxan