Bakı Uşaq və Gənclər Teatrının “Arvadım ol” tamaşasının premyerası

 

Bəzən bircə əsər kifayətdir ki, onun müəllifinin şöhrəti sərhədləri aşsın. Fransız yazarı Raffi Şartın “Arvadımın adı Morisdir” pyesi kimi.

Adını çəkdiyimiz pyes son illərədək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının repertuarında idi. İndisə bu əsərə Bakı Uşaq və Gənclər Teatrı müraciət edib. Rejissor Elşən Zeynallı quruluş verdiyi bu pyesi “Arvadım ol” adı ilə səhnəyə çıxarıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının Aktyor evində premyerası keçirilən birhissəli komediyanın əsas qəhrəmanı Jorj Odfeydir. O Jorj Odfey ki, arvadı Maronu Katrin adlı qızla aldadır. Üstəlik, Katrini də inandırır ki, mütləq onunla ailə quracaq. Jorjun şirin dilinə aldanan Katrin də ondan geri qalmır, sevgilisi Rojeni aldadır...

“Arvadım ol” tamaşasının rəssamı Sevda Məmmədova, musiqi tərtibatçıları Elşən Zeynallı və Yusif Rüstəmov, rejissor assistenti Nuranə Rəsulovadır. Səhnə əsərində aktyorlar Mehman Piriyev (Jorj), Niyaz Qasımov (Moris Lyappen), Sənan Fərzəliyev (Roje), Könül Şahbazova-Qasımova (Maron), İlhamə Əhmədova və Flora Hüseynova (madam Truabal) və Rauf Hüseynov (müsyö Truabal) çıxış edirlər.

Gülcahan