Misirdə “Azərbaycanı kəşf et” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qahirənin Fəhmi Paşa Sarayında Ramazan ab-havasında keçirilən mərasimdə ölkəmizin Misirdəki səfiri Elxan Poluxov, Türkiyənin Misirdəki səfiri Salih Mutlu Şen, habelə Pakistan, Özbəkistan, Qananın diplomatları, yerli rəsmilər iştirak ediblər. Tədbirə qatılanlar arasında BMT-nin xoşməramlı elçisi, Misirin məşhur müğənnisi Yüsra da olub.

Qahirədə yaşayan soydaşımız Sədaqət Qəhrəmanovanın təşəbbüsü ilə keçirilən müsabiqənin əsas məqsədi Misir vətəndaşlarını Azərbaycan mədəniyyəti ilə tanış etmək, xalqımızın milli mədəniyyətinin təbliğidir. Müxtəlif yaş qruplarından olan iştirakçılar rəsm, poeziya, qısametrajlı film və musiqi sahələrində Azərbaycan haqqında təqdimatlar ediblər.

Müsabiqənin qaliblərinə diplomlar və hədiyyələr təqdim edilib. Mərasimdən sonra iştirakçılar üçün iftar süfrəsi açılıb.