Beynimizdəki izləri hələ də qalmaqdadır...

 

Dünya Səhiyyə Təşkilatının dörd il əvvəl elan etdiyi yeni növ koronavirus (COVİD-19) pandemiyasının kütləvi ölüm dalğası sovuşsa da, izləri qalmaqdadır. O cümlədən insan beynində.

Məsələn, ötən müddətdə koronavirusun beyin sağlamlığına mənfi təsiri, baş ağrıları, yuxu problemləri doğurması, insanların intellekt səviyyəsini aşağı salması barədə bir sıra araşdırmalar aparılıb. Tədqiqatçılar xəstəliyə yoluxmuş şəxslərin yaddaşında və icra tapşırıqlarını həyata keçirməsində xeyli çatışmazlıqlar aşkar ediblər.

“The conversation” saytında dərc olunan araşdırmanın nəticələrinə görə, alimlər xəstəliyi yüngül keçirənlərin IQ səviyyəsində (intellekt səviyyəsi) üç ballıq geriləmə müşahidə ediblər. Virusu nisbətən ağır keçirənlərdə və davamlı nəfəs darlığı olan insanların IQ səviyyəsində altı ballıq itki müşahidə edilib. Koronavirusu ağır keçirərək reanimasiyaya düşən insanlarda isə vəziyyət daha ağır olub. Onların IQ səviyyəsində doqquz ballıq itki qeydə alınıb.

Ümumiyyətlə, insanların ortalama IQ səviyyəsi 100 balla qiymətləndirilir. 130 baldan yuxarı bal yüksək istedadın, 70 baldan aşağı isə əhəmiyyətli sosial dəstək tələb edən əqli qüsur səviyyəsini göstərir.

ABŞ-də keçirilən sosioloji sorğunun nəticələrinə görə, COVID-19 xəstəliyinə yoluxan 18-44 yaş arası insanların əksəriyyəti beyinlə bağlı sağlıq problemlərindən əziyyət çəkir. Avropa İttifaqının məlumatları da oxşar tendensiyanı göstərir. 2022-ci ildə Aİ-də insanların 15 faizində yaddaş və konsentrasiya problemlərinin artdığı müşahidə edilib.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı yeni növ koronavirus infeksiyasının qlobal təhlükə həddinə çatdığını nəzərə alaraq 11 mart 2020-ci il tarixindən pandemiya elan etmişdi. Azərbaycanda sosial izolyasiya tədbirləri 14 martdan qüvvəyə minmiş, xüsusi karantin rejimi isə rəsmən 30 mart tarixindən elan edilmişdi. Sonrakı iki il sərt və mərhələlərlə qismən yumşaldılan karantin rejimində keçdi. İnsanlar tədricən koronavirusla yanaşı yaşamağa öyrəşdilər. Amma görünür ki, onun fəsadları hələ uzun zaman bizdən əl çəkməyəcək...

V.Kamal