Dünyada islamofobiya təzahürlərinin sayı qorxulu həddə çatıb. Bu barədə BMT-nin məruzəçilərinin 15 mart – İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü münasibətilə yaydığı bəyanatda bildirilir.

“Din və ya inanca əsaslanan təqib, hədə-qorxu, zorakılıq və təhrik əməlləri bütün dünyada, o cümlədən müsəlmanlara qarşı qorxuducu həddə çatıb... Dünyanın hər yerində məscidlərə, mədəniyyət mərkəzlərinə, məktəblərə və hətta onların sahib olduğu şəxsi mülkiyyətə hücumların şahidi olmuşuq”, – deyə bəyanatda vurğulanır.

Bundan əlavə, BMT “Quran” kitablarının kütlə qarşısında yandırılmasını pisləyib və həmçinin dövlətləri dini nifrət təbliğatını qadağan etməyə çağırıb.

Qeyd olunur ki, seçkilər ərəfəsində bir çox ölkələrdə dövlət və qeyri-dövlət subyektləri dini gərginliyi qızışdırır və siyasi üstünlük əldə etmək üçün müsəlman azlıqlara qarşı ayrı-seçkilik yaradan siyasəti təbliğ edirlər. Bəyanatda həmçinin İsrailin Ramazan ayı ərzində Qəzzaya humanitar yardımı məhdudlaşdırmaq və Qüdsdəki Əl-Əqsa məscidini ziyarət etmək istəyən möminlərin girişini məhdudlaşdırmaq siyasəti tənqid edilir.