Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” adlı layihəyə başlanılıb.

Azərbaycan Respublikası Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə layihənin məqsədi milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır.

Martın 15-də Nizami Kino Mərkəzində layihənin ilk tədbiri keçirilib.

Qeyd edək ki, layihənin mart ayına nəzərdə tutulan proqramı Xalq artisti, unudulmaz müğənni və aktyor Mirzə Babayevə (1913–2003) həsr olunub.

Tədbirdə Mədəniyyət Nazirliyinin məsul şəxsləri, Mirzə Babayevin yaxınları, tanınmış mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Açılış nitqi söyləyən Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev Mirzə Babayevin çox istedadlı musiqiçi və aktyor olduğunu qeyd edib: “Sənətçinin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi mədəniyyətimizin parlaq incilərindəndir. Mirzə Babayev aktyor kimi müxtəlif rolları yüksək peşəkarlıqla ifa edib, kino tariximizin qızıl səhifələrini yazıb".

Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə kinorejissor Hüseyn Seyidzadənin yaradıcılığından söz açıb. Vurğulayıb ki, Azərbaycan kinosunun tarixini yaşadan, salnaməsini yaradan mədəniyyət xadimlərindən biri olan Hüseyn Seyidzadənin “Dəli Kür” filmində rəqs səhnəsində Mirzə Babayevin ifasına bu gün də emosiyasız baxmaq mümkün deyil.

Mirzə Babayevin nəvəsi Emin Babayev ailələri adından Mədəniyyət Nazirliyinə təşəkkür edib. Babası haqqında xatirələrini bölüşən E.Babayev Mirzə Babayevin öz evində əlyazma şəklində çəkildiyi filmlərin siyahısını saxladığını söyləyib.

Əməkdar mədəniyyət işçisi Rahib Azəri Mirzə Babayevin unikal bir insan, bənzərsiz sənətkar olduğunu deyib.

Çıxışlardan sonra Hüseyn Seyidzadənin 1969-cu ildə lentə aldığı "Dəli Kür" bədii filmi nümayiş olunub.

Qeyd edək ki, “Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsi çərçivəsində görkəmli aktyorların çəkildiyi filmlərin il ərzində hər ay bir kino xadiminə həsr edilməklə Nizami Kino Mərkəzində nümayişləri təşkil olunacaq. Nümayişlər hər həftənin cümə günü həyata keçiriləcək.

Nurəddin