BMT-nin Sivilizasiyalar Alyansı Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olaraq öz dəstəyini daim göstərib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin martın 13-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşündə qeyd olunub. Görüşdə Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda uğurla keçirildiyi və bu ənənənin bundan sonra da davam edəcəyi bildirilib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos bu fikri martın 16-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə görüşündə də vurğulayıb.

Nazir söhbət zamanı Azərbaycanla Sivilizasiyalar Alyansı arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyini qeyd edib.

Ölkəmizə yenidən səfər etməkdən məmnunluğunu bildirən Migel Anxel Moratinos “Bakı Prosesi” çərçivəsində bu ilin  1-3 may tarixlərində paytaxtımızda keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumunda Sivilizasiyalar Alyansının əsas tərəfdaş kimi fəal iştirak edəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.