Hüseynağa Aslanovun “Saatsaz” filmi İstanbulda keçirilən (15 mart) 2-ci İstanbul Beynəlxalq Bahar Film Festivalında münsiflərin xüsusi mükafatına layiq görülüb.

Filmin müəllifi H.Aslanov bildirib ki, festivala 70 ölkədən 1480 film təqdim olunub. Onların sırasından 130 film yarım finala vəsiqə qazanıb. “Saatsaz”a festivalın xüsusi mükafatı verilib.

Qeyd edək ki, “Saatsaz” 2022-ci ildə keçirilən XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının “Cinemobil” kateqoriyasında qalib olub. Filmdə “İnsan hər şeyi vaxtında etməlidir ki, sonra heç kimi və heç nəyi günahlandırmasın” fikri diqqət mərkəzinə çəkilir.

Operatoru Cavidan Hüseynzadə, səs rejissoru Məmmədbağır Eyvazov olan film gənc rejissor və ssenarist Pərviz Seyidlinin hekayəsi əsasında lentə alınıb.

H.Aslanov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsini bitirib. Eyni zamanda “Avanqard” orkestrində skripka ifaçısı kimi fəaliyyət göstərir. Hazırda Azərbaycan Radiosunun diktorudur.

Lalə