23 mart 1915 – Tanınmış rəqqas, Xalq artisti Əlibaba Əbdül oğlu Abdullayev (1915 – 10.10.1980) anadan olub. Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupuna rəhbərlik edib. Filmlərdə rəqslərin quruluşçusu olub.

23 mart 1920 – Görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (1920 – 8.2.1992) Şuşada anadan olub. İlk milli uşaq baleti (“Qaraca qız”), musiqili komediyalar, simfonik əsərlər və mahnıların  müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953–1957) olub.

23 mart 1929 – Əməkdar artist, vokalçı Firuzə Ramazan qızı Muradova (1929–1987) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub.

23 mart 1930 – Əməkdar artist Şəfiqə Şirməmməd qızı Axundova (1930–2005) Lənkəranda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının aktrisası olub.

23 mart 1942 – Əməkdar artist Rza Darablı (Rza Nəcəfəli (Nəcəfqulu) oğlu Hüseynov; 1883–1942) vəfat edib. 1919-cu ildən Azərbaycan Dövlət Teatrında aktyor kimi çıxış edib, filmlərə çəkilib.

23 mart 1957 – Əməkdar mədəniyyət işçisi, şair İsmayıl Cabir oğlu Dadaşov (1957 – 22.10.2020) anadan olub. “Azərbaycanfilm”də musiqi redaktoru işləyib.

 

24 mart 1872 – Yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi  Məmməd Səid Hacağa oğlu Ordubadi (1872 – 1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub. “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Döyüşən şəhər” və s. əsərləri ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.

24 mart 1927 – Teatr rejissoru, Əməkdar incəsənət xadimi Məbud İbrahim oğlu İsmayılzadə (1927 – 17.9.2004) Zərdab rayonunda doğulub. Lənkəran Dram Teatrının ilk bədii rəhbəri və direktoru olub.

24 mart 1938 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Həsənağa Səttar oğlu Turabov (1938 – 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, teatra rəhbərlik (1987–2001) edib. Filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

25 mart 1897 – Teatrşünas, publisist, Əməkdar mədəniyyət işçisi Qulam Məmməd oğlu Məmmədli (1897 – 18.11.1994) Təbrizdə doğulub. “Azərbaycan teatrının salnaməsi”ni yazıb.

25 mart 1905 – Əməkdar artist Heydər Məşədi Aslan oğlu Şəmsizadə (1905–1981) Şuşada doğulub. Aşqabadda (Türkmənistan) “Arşın mal alan”ı səhnəyə qoyub, Ağdam teatrının baş rejissoru olub.

25 mart 1907 – Şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 1907 – 14.1.1952) Bakıda doğulub. Milli ruhlu şeirlərinə görə 1930-cu ildə Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan da Türkiyəyə mühacirət edib. Elazığda vəfat edib.

25 mart 1933 – Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933 –15.12.1988) Bakıda anadan olub. “Bildirçinin bəyliyi”, “Zarafatsız zarafat”, “Sonuncu məhəbbət”  və s. komediyaların, satirik şeirlərin müəllifidir.

 

26 mart 1893 – Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (1893 – 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. 1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

26 mart 1902 – Əməkdar artist, xanəndə Yavər Əli qızı Kələntərli (1902 – 5.2.1979) Şamaxıda anadan olub.

26 mart 1910 – Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov; 1910 – 31.1.1963) anadan olub. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Filmlərdə unudulmaz obrazlar yaradıb.

26 mart 1910 – Yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 1910 – 21.9.1970) Şəkidə anadan olub. Pyesləri: “Toy”, “Xoşbəxtlər”, “Əliqulu evlənir”, “Nişanlı qız” və s. “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifidir.

26 mart 1919 – Əməkdar artist Əminə Abbas qızı Nağıyeva (1919–1977) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərə çəkilib.

26 mart 1926 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Oqtay Əbdülkərim oğlu Əfəndiyev (1926–2013) Bakıda anadan olub.

 

27 mart 1917 – Əməkdar artist, vokalçı Mariya Sergeyevna Titarenko (1917 – 26.9.2002) Moskvada doğulub. Opera və Balet Teatrının solisti olub.

27 mart 1927 – Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (1927 – 27.4.2007) Bakıda doğulub.

27 mart 1928 – Əməkdar mədəniyyət işçisi Hüseyn Həsən oğlu Əhmədov (1928–2016) anadan olub. Azərbaycan Dövlət Kukla Teatrının ədəbi dram hissə müdiri işləyib.

27 mart 1937 – Kino rəssamı Fikrət İbrahim oğlu Əhədov (1937 – 2.11.1994) Bakıda anadan olub. “Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Kişi sözü” və s. filmlərə bədii tərtibat verib.

27 mart 1986 – Görkəmli aktyor Səməndər Mənsim oğlu Rzayev (2.1.1945 – 1986) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə unudulmaz obrazlar qalereyası yaradıb.

27 mart 2020 – Xalq artisti, müğənni Rauf Yusif oğlu Babayev (30.12.1937 – 2020) vəfat edib. 1960–70-ci illərdə “Qaya” kvartetinin solistlərindən biri kimi məşhurlaşıb.

 

28 mart 1886 – SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov; 1886 – 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Tiflisdə Azərbaycan teatrının inkişafında, Təbrizdə milli teatrın yaradılmasında xidmətlər göstərib. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

28 mart 1895 – Tanınmış ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə; 1895 – 1.6.1989) Naxçıvan şəhərində doğulub. Moskva Dövlət Universitetinin professoru olub.

28 mart 1896 – Əməkdar artist Əli Fətulla oğlu Şahsabahlı (1896–1973) Tiflisdə doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.

28 mart 1924 – Şair, tərcüməçi, Dövlət mükafatı laureatı Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev; 1924 – 14.3.1992) Şuşa şəhərində anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib.

28 mart 1940 – Əməkdar rəssam, dekorativ-tətbiqi sənət ustası Ağasaleh Məmmədhüseyn oğlu Nuriyev (1940 – 23.2.2023) Bakıda anadan olub.

 

29 mart 1938 – Əməkdar mədəniyyət işçisi Marat Mikayıl oğlu İsgəndərov (1938 – 19.6.2013) anadan olub. “Azərbaycanfilm”də səs operatoru işləyib.

29 mart 1939 – Yazıçı-dramaturq Süleyman Sani Axundov (3.10.1875 – 1939) vəfat edib. Yazıçının “Qorxulu nağıllar” adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.

29 mart 1946 – Əməkdar artist Nazir Kərim oğlu Əliyev (1946–1997) Lənkəranda anadan olub. Sumqayıt, Naxçıvan, Lənkəran teatrlarında çalışıb, filmlərə çəkilib.

29 mart 1951 – Əməkdar incəsənət xadimi, pianoçu, dirijor Azad Sabir oğlu Əliyev (1951 – 30.3.2014) Bakıda doğulub.

 

30 mart 1908 – Əməkdar incəsənət xadimi, rəssam Şamil bəy Həsən oğlu Qazıyev (1908–1980) İrəvan şəhərində doğulub.

30 mart 1949 – Xalq artisti, xanəndə Səfa Hüseyn oğlu Qəhrəmanov (1949 – 5.5.2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub.

 

31 mart 1861 – Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ifaçısı, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 – 20.4.1944) Şuşada doğulub. 1906-1912-ci illərdə Kiyev, Moskva və Varşavada ilk azərbaycanlı xanəndə olaraq ifası qrammofon valına yazılıb.

31 mart 1936 – Xalq artisti, bəstəkar Rafiq Fərzi oğlu Babayev (1936 – 19.3.1994) anadan olub. “Cəngi” folklor-caz kollektivinin yaradıcısı olub. Filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib.

31 mart 1948 – Əməkdar rəssam İsmayıl Əsəd oğlu Məmmədov (1948 – 12.12.2016) anadan olub. Akademik Milli Dram, Musiqili Komediya teatrlarında quruluşçu rəssam işləyib.

Hazırladı: V.Orxan