Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall”da martın 22-də törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb. Onlardan 5-i uşaqdır. Bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib. Həlak olanların arasında Rusiya vətəndaşı olan azərbaycanlı Hüseynov Vüqar Fuad oğlu da var.

Məlumatlara görə, 40-dan çox insan terrorçuların odlu silahdan açdıqları atəş nəticəsində ölüb, qalanlar isə konsert zalında çıxan yanğın zamanı həlak olub. Ölənlərin hələ hamısının kimliyi müəyyən edilməyib, yanmış və binanın tavanının çökməsi nəticəsində tikinti konstruksiyalarının altında qalaraq tanınmaz hala düşmüş cəsədlərin ekspertizası davam etdirilir.

Ümumilikdə terror aktı zamanı 360 nəfərin xəsarət aldığı bildirilir. Onların arasında 11 uşaq var. Rusiya Federasiyası Hökuməti sədrinin müavini Tatyana Qolikova 89 nəfərin, o cümlədən 5 uşağın müalicəsinin davam etdiyini deyib.

Xatırladaq ki, martın 22-də axşam yerli vaxtla saat 8 radələrində Moskva vilayətindəki “Crocus City Hall”a silahlı şəxslər tərəfindən hücum edilib. Binaya daxil olan terrorçular (4 nəfər olduğu bildirilir) əvvəlcə foyedə, sonra isə konsert zalında onlarla insanı güllələyib. Konsert zalına benzin dolu butulkalar atılıb və güclü yanğın başlayıb. Foyedəki atəş səslərindən sonra zaldakı tamaşaçıların əksəriyyətinin oranı tərk etməsi daha böyük qırğının qarşısını alıb. 13 min kvadratmetr sahəni əhatə edən yanğın martın 23-də söndürülüb. “Crocus City Hall”ın tavanı, üst mərtəbələri, 6 min nəfərlik tutumu olan Müslüm Maqomayev adına tamaşaçı zalı tamamilə yanıb. Binada yaradılan Müslüm Maqomayevin xatirə muzeyi də yanğının qurbanı olub.

Faciədən sonra terror aktının törədilməsində iştirak etdiyi və bu işdə bağlılığı olduğu bildirilən 10-a yaxın adam həbs olunub. Onların əksəriyyəti Rusiyada yaşayan Tacikistan əsilli vətəndaşlardır. Terror hadisəsinə görə məsuliyyəti İŞİD-in qolu olduğu bildirilən “İslam Dövləti-Xorasan” terror qruplaşması öz üzərinə götürüb.