Mart qırğınlarının 106-cı ildönümü

 

1918-ci il martın son günləri Azərbaycan tarixinin ən qanlı dövrlərindən biridir. Həmin günlər erməni silahlı dəstələri Bakıda misli görünməyən qırğın törətmişdi. Şaumyanın rəhbərlik etdiyi “Bakı Soveti”nin daşnak-bolşevik hərbi qüvvələrinin müsəlman azərbaycanlıların “sovet hakimiyyətinə qarşı çıxması” bəhanəsi ilə 30 martda başlatdığı qətliam aprelin 1-dək davam etmiş, üç gün ərzində Bakıda və ətraf kəndlərdə 10 mindən çox insan öldürülmüşdü. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurmuş, şəhərin böyük bir hissəsini xarabalığa çevirmişdi.

Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam etmiş, 30 mindən çox müsəlman-türk, habelə erməni quldurlarına boyun əyməyən digər millətlər – ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetirilmişdi.

70 illik sovet ideologiyasının “erməni-müsəlman davası”, “əks-inqilabi qiyam” kimi saxtalaşdırdığı 1918-ci ilin Mart hadisələri bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi soyqırımı siyasəti idi. Bu qırğının təşkilatçısı Şaumyan 13 aprel 1918-ci ildə Leninə yazırdı: “Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı hissələri var idi ki, o da bizim sərəncamımızda idi... Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydi, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Göründüyü kimi, azərbaycanlılara qarşı genosid həyata keçirən ermənilər Bakı da daxil bütün Azərbaycanı özlərinin ərazisi etmək əzmində idilər. 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin hələ Gəncədə ikən yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qətliamlarla bağlı çoxsaylı materiallar toplamışdı. Bir il sonra, 1919-cu ildə Cümhuriyyət Parlamenti 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunması barədə qərar qəbul etdi.

Dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. Lakin Cümhuriyyətin süqutu bu işin başa çatmasına imkan vermədi...

Azərbaycanda 70 illik sovet tarixi bizi gerçək tarixdən uzaq saldı. Hətta soyqırımı qurbanı olmuş soydaşlarımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq burada Kirovun heykəlini qoymuş, ətrafda da istirahət parkı salmışdılar...

1998-ci il martın 26-da Prezident Heydər Əliyev tariximizin qan yaddaşı ilə bağlı fərman imzaladı. İki əsr (XIX-XX) azərbaycanlılara qarşı törədilmiş qırğın və deportasiya əməllərinə siyasi qiymət verən sənədlə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi yenidən tariximizdə öz yerini tapdı.

Ötən dövr ərzində tarixi gerçəklərin, xalqımızın iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq aləmə çatdırmaq üçün xeyli iş görülüb.  Amma hələ daha çox iş görməliyik. Çünki hələ də tarixi gerçəklərə qulaq tıxayan dünyanın bir sıra yerlərində ermənilərin saxta “tarixi” ayaq açıb gəzə bilir...