Belarus Mədəniyyəti Günləri çərçivəsində dəyirmi masa

 

Ölkəmizdə keçirilən Belarus Mədəniyyəti Günləri (1-3 aprel) çərçivəsində aprelin 3-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında iki ölkənin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə gerçəkləşən görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri ilə bağlı müzakirə aparılıb.

Söhbət zamanı xüsusilə Azərbaycan və Belarus milli kitabxanaları arasında əlaqələr, muzey işi, kino, teatr və mədəniyyətin digər sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, mədəni əlaqələr gənc nəsillərə qarşılıqlı olaraq milli mədəni irsimizi tanıtmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Belarusun Mogilyov Vilayəti Mədəniyyət İdarəsinin rəisi Aleksandr Jiqun bildirib ki, məqsədimiz mədəniyyət sahəsi ilə xalqlarımız arasında körpü yaratmaqdır. Diqqətə çatdırılıb ki, Bakıya bu səfər əsnasında kino, kitabxana, muzey və rəssamlıq sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Belarus və Azərbaycanın dövlət başçılarının dostluq münasibətləri təkcə siyasi, sosial-iqtisadi sahələrdə deyil, mədəniyyət sahəsində də əməkdaşlığın gücləndirilməsini tələb edir. Xalqlarımızı birləşdirən və maraqlarına xidmət edən cəhətlər çoxdur və bu, mədəni sahədə birgə layihələrə yol açmalıdır.

Görüşdə hər iki ölkədə keçirilən festivallarda qarşılıqlı iştirakın əhəmiyyəti vurğulanıb. “Belarusfilm”in rəhbərliyi Belarusda Azərbaycan kinosu günlərinin keçirilməsini təklif edib.

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Milli İncəsənət Muzeyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi hər iki muzeyin direktorları Şirin Məlikova və Anna Kononova imzalayıblar.

Həmçinin Mogilyov Mədəniyyət İdarəsinin rəisi ötən il Belarusda təşkil edilən “Animaevka – 2023” XXVI Beynəlxalq Animasiya Film Festivalında “Ən yaxşı animasiya rəssamı” nominasiyasında qalib olmuş gənc azərbaycanlı animator-rəssam Mehriban Əliyevaya diplom və mükafat təqdim edib.

Lalə