Alternativ Kino Akademiyası yaradılır

 

Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edib.

Agentlikdən bildirilib ki, layihənin kuratorluğu tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərova həvalə olunub.

Nizami Kino Mərkəzində Alternativ Kino Akademiyasının ilk tədbiri keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən ARKA-ya təqdim olunan 16 tələbənin layihəsindən 7-sinin təqdimatı olub.

Elxan Cəfərovun və ARKA-nın əməkdaşlarının iştirakı ilə keçirilən təqdimatda Xəyal Rzanın “Allaha salam”, Şirin Əhmədovun “Sürəyyanın 32-ci günü”, Mirhafiz Həsənovun “Çağırılmamış qonaq”, Məhəmməd Məmmədovun “Qayıtdım”, Elmar Fərzəliyevin “Düşmüş mələk”, Araz Quliyevin “İkinci nəfəs” və Mirzahid Ağayevin “İnam” layihələri nümayiş etdirilib.

Qeyd edək ki, Alternativ Kino Akademiyasının təsis olunmasında əsas məqsəd tələbə kinematoqrafçıların yaradıcılıq fəaliyyətinin təşviqi, kinoda yeni məzmunun yaradılması, kino vasitəsilə xaricdə milli-mənəvi dəyərlərin çatdırılması üçün işlərin görülməsidir. Bunun üçün ARKA tərəfindən inzibati, yaradıcı məsələlərin təkmilləşdirilməsi, yerli və beynəlxalq festivallarda iştirakın təşviqi, məzmun keyfiyyətinin artırılması, qlobal kino cərəyanlarının təhlili, müasir yerli kino cərəyanlarının yaradılması, sənədləşmə proseslərində operativliyin təmin olunması nəzərdə tutulur.