Xalq rəssamının yubiley sərgisi

 

Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun “Sağ əlin sərvəti” adlı yubiley sərgisi təşkil edilib.

Xalq rəssamının 75 illik yubileyinə həsr olunan sərgidə 72 rəngkarlıq və qrafika əsəri nümayiş etdirilir. Azərbaycanın və İslam dünyasının zəngin mədəni köklərini əks etdirən simvolik elementlərdən ilhamlanan bu əsərlər, eyni zamanda müasir incəsənət texnikaları ilə birləşərək, Qəyyur Yunusun özünəməxsus üslubunu vurğulayır.

Müasir İncəsənət Muzeyində ikinci dəfə sərgisinin keçirildiyini deyən müəllif bu ekspozisiyada son beş ildə çəkdiyi əsərləri təqdim edir. Rəssam sərginin sənətsevərlər, sənətşünaslar tərəfindən yüksək qiymətləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb: “Ümid edirəm ki, bu əsərlərlə qəlbimdə olan hisslər duyula biləcək. Gələn həftə sərginin müzakirə olunması planlaşdırılır. Müzakirədə hər bir əsərin ayrı-ayrılıqda izahı veriləcək, necə ərsəyə gəlməsindən bəhs olunacaq”.

Sərginin kuratoru Rəsul Həsənov Qəyyur Yunusun Azərbaycan rəngkarlığında önəmli yeri olduğunu qeyd edib: “Rəssamın əsərlərinə baxdıqda insan daxili rahatlıq tapır. Onun rəsmlərində xoş auranı hiss etmək mümkündür. Qəyyur Yunus İslam dünyası üçün öz dəst-xətti olan rəssamlardandır. Əgər yüz il sonra Azərbaycan, Şərq incəsənəti dünyaya təqdim edilərsə, onun əsərləri də göstəriləcək nümunələr arasında olacaq”.

Qəyyur Yunus 1948-ci ildə Bakının Əmircan kəndində anadan olub. 1971-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Texnikumunu, 1977-ci ildə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. Əsərləri dünyanın nüfuzlu qalereyalarında, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Rəssamın yubiley sərgisi aprelin 30-dək davam edəcək.