BMT-də birgə brifinq keçirilib

 

Xəbər verdiyimiz kimi, “Bakı Prosesi” çərçivəsində 1-3 may tarixlərində Bakıda VI Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq.

Mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı (27 may 2011-ci il) ilə Forumun təşkilinin əlaqələndirici orqanı Mədəniyyət Nazirliyi müəyyən edilib.

Sayca 6-cı Forum BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), UNESCO və BMT-nin Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçiriləcək.

Mötəbər tədbir ərəfəsində aprelin 12-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın təşəbbüsü ilə VI Dünya Mədəniyyətlərarası Dialoq Forumu üzrə birgə brifinq keçirilib. Brifinq BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saadın moderatorluğu ilə gerçəkləşib.

Brifinqdə çıxış edən BMT baş katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusuna həsr olunan VI Dünya Mədəniyyətlərarası Dialoq Forumunda tərəfdaş olmaqdan məmnunluqlarını dilə gətirib.

Qeyd edib ki, Sivilizasiyalar Alyansı Dünya Mədəniyyətlərarası Dialoq Forumu vasitəsilə dini lider, vətəndaş cəmiyyəti nümayəndələri, təşkilatlar, gənclər, qadınlar, akademik dairələr, peşəkar və biznes ictimaiyyəti də daxil olmaqla geniş spektrli maraqlı tərəflərlə əməkdaşlıq imkanları yaratmağa və ictimaiyyətin iştirakı üçün bu platformanın genişləndirilməsinə sadiq qalmağa davam edəcək.

Brifinqdə Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında qısa videoçarx nümayiş olunub. Görüntülərdə Azərbaycanın tarixi, zəngin mədəniyyəti, təbii sərvətləri əks olunub, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən bəhs edilib.

VI Dünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsində İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Fərid Cəfərov brifinqdə çıxış edərək forumun tarixçəsi haqqında qonaqlara məlumat verib.

Xatırladaq ki, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos mart ayında Bakıda olub və Foruma hazırlıq prosesi ilə bağlı görüşlər keçirib. Qonaq mədəniyyət naziri Adil Kərimli ilə görüşündə Sivilizasiyalar Alyansının budəfəki Forumda da əsas tərəfdaş kimi fəal iştirak edəcəyini diqqətə çatdırıb.