Yaradıcılıq turnirinin yekun sərgisi

 

Aprelin 13-də Xətai Sənət Mərkəzində “Baharın rəngləri” Respublika uşaq rəsm yaradıcılıq turnirinin yekun sərgisi açılıb.

Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan olunub.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbiri açaraq layihə barədə məlumat verib. Bildirib ki, turnirin məqsədi uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin onların bədii zövqünü inkişaf etdirməkdir. Müsabiqəyə 10-21 yaş arası 700-dən çox uşaq, yeniyetmə və gənc qatılıb. Onlar 15 nəfərlik qruplarla Xətai Sənət Mərkəzində plenerlərdə iştirak edib, akvarel boyaları ilə baharı tərənnüm edən əsərlər çəkiblər. Onların arasından ən yaxşıları sərgilənmək üçün seçilib. Seçim zamanı müəlliflərin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük verilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Turan Cəfərova, Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Elçin Hüseyn, Xətai Sənət Mərkəzinin müəllimi Gündüz Həbibov, rəssamlar Akif Yarısov və Əbdüləmi Əliyev ürək sözlərini bölüşüb, sərgi iştirakçılarına yeni uğurlar arzulayıblar.

Əsəri nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, sərgilənən əsərlər Xətai Sənət Mərkəzinin kolleksiyasında saxlanılacaq və mərkəzin nəzdində yeni yaradılan “Xətai uşaq sənəti qalereyası”nın  formalaşdırılmasında istifadə olunacaq.