Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar, professor, Xalq artisti Ramiz Mirişlinin 90 illiyi ilə əlaqədar “Xalq artisti Ramiz Mirişli” adlı geniş kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, sərgidə bəstəkarın Milli Kitabxananın fondunda mühafizə olunan əsərlərinin not yazıları yer alıb.

Həmçinin onun həyat və yaradıcılığına həsr olunan kitablar Azərbaycan və rus dillərində nümayiş etdirilir.

Sərgi 1 həftə davam edəcək.

Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1954-cü ildə Asəf Zeynallı adına musiqi məktəbini bitirib. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Bəstəkar yaradıcılığında ən müxtəlif janrlara müraciət edərək, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib.

Dillər əzbəri olan "Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışlar” və digər əsərlərin müəllifidir.

R.Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə üzə çıxıb. Onun səhnə əsərləri sırasına 2 musiqili komediya və respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulan 40-dan artıq əsərə yazdığı musiqi aiddir.

***

Bu gün Xalq artisti, Azərbaycan SSR və Naxçıvan MSSR Əməkdar incəsənət xadimi, professor, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin anadan olmasının 90 illiyi tamam olur.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bəstəkarın həyat və yaradıcılığına həsr edilən virtual kitab sərgisi hazırlanıb.

Materialda R.Mirişlinin simli kvartet, xalq çalğı alətləri, tar və simfonik orkestr üçün bəstələdiyi musiqi əsərləri, müxtəlif illərdə qələmə aldığı nəğmələr haqqında məlumat verilib.

Eyni zamanda, virtual kitab sərgisində Ulu Öndər Heydər Əliyevin, Xalq şairi Fikrət Qocanın bəstəkarın yaradıcılığı haqqında söylədikləri dəyərli fikirlər, onun bəstələri ilə şöhrət qazanmış ifaçılar haqqında məlumatlar da yer alıb. Kitabxana əməkdaşlarının hazırladığı materialda görkəmli bəstəkarın layiq görüldüyü mükafatlardan, fotolarından ibarət qalereya da təqdim edilib.

Sərgidə “Azərbaycan və xarici ölkə bəstəkarlarının kamança ilə fortopiano üçün işlənmiş əsərləri”, “Vətən düşüncələri”, “Kamança məktəbi”, “Analar və laylalar”, “Oxu tar”, “Azərbaycan dünyam mənim” kimi bir çox not əsərlərinin biblioqrafik təsviri göstərilib.