Yerlərdə Ramazan bayramı

 

Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti verən mübarək Ramazan ayı başa çatdı. Ramazan bayramı yerlərdəki mədəniyyət müəssisələri tərəfindən də çeşidli tədbirlərlə qeyd olundu.

Dağlıq Şirvan RMİ-nin rəis müavini Əlisultan Sadıxov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayeva, İsmayıllı rayon mədəniyyət müəssisələrinin rəhbərləri müqəddəs Ramazan bayramı münasibətilə şəhidlər Təyyar Mahmudov, Natiq Abdullayev, Elnur Səmədov və Orxan Lətifovun ailələrini ziyarət ediblər.

Şəhidlərin valideynləri və yaxınları ilə keçirilmiş görüş zamanı qəhrəmanların döyüş yolu haqqında ətraflı məlumat verilib, Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi yad edilib.

Görüşlərdə dövlət tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan söz açılıb, bu ailələrə mənəvi dəstək göstərilməsinin hər birimizin müqəddəs vətəndaşlıq borcu olduğu bildirilib.

***

Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin kollektivi Ramazan bayramı münasibətilə şəhid ailələrini ziyarət edib.

Kollektivin üzvləri şəhid Aqşin Abdullayev, Elnur Nurullayev və Orxan Hümmətovun ailələri ilə görüşərək onların xatirələrini dinləyib, qəhrəmanlara həsr olunmuş fotosərgilərə baxıblar.

***

Lənkəran şəhər Mərkəzi Kitabxanasının kollektivi şəhid baş leytenant Mais Abbasovun ailəsini ziyarət edib. Kitabxananın direktor əvəzi Arzuyə Rufullayeva Ramazan bayramı münasibətilə şəhidin ailə üzvlərini təbrik edib. Sonra Mais Abbasovun keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıb. Şəhid anası Zahirə Abbasova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə və qazilərə göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.

Cəlilabad rayon Günəşli kənd Mədəniyyət evinin əməkdaşları Vətən müharibəsinin şəhid baş leytenatı Elçin Ağayevin ailəsini ziyarət ediblər. Mədəniyyət nümayəndələri əvvəlcə şəhidin məzarını ziyarət edərək xatirəsini ehtiramla anıblar. Şəhidin ailəsini ziyarət zamanı qəhrəmanın döyüş yolundan söhbət açılıb, əməkdaşlar ailənin qayğıları ilə maraqlanıblar.

Yardımlı rayon Mərkəzi Kitabxanasında “Milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa təşkil edilib. Çıxışlarda qeyd olunub ki, Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Tədbirin sonunda “Dövlət və din” başlığı altında kitab və digər çap məhsullarının sərgisi reallaşıb.

***

Zəngilan rayon Mədəniyyət evi, kənd klubu, rayon Bartaz kənd Uşaq musiqi məktəbi və Mincivan qəsəbə Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “11 ayın sultanı” adlı konsert keçirilib.

Əvvəlcə Zəngilan rayon Mədəniyyət evinin direktoru Zeynəb Bağır çıxış edərək Ramazan bayramı münasibətilə bütün tədbir iştirakçılarını səmimi-qəlbdən təbrik edib, tutulan orucların və edilən duaların qəbul olmasını diləyib.

Sonra Mincivan qəsəbə Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi tərəfindən maraqlı konsert proqramı təqdim edilib.

Proqramda milli və xarici bəstəkarların yaradıcılığına müraciət olunub. Həmçinin görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi münasibətilə onun yaradıcılığından nümunələr səsləndirilib.

Nurəddin Məmmədli