Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anarla görüş keçirilib. Tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsi (RMİ), AYB, regional Təhsil və Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Əvvəlcə yazıçı RMİ tərəfindən Mədəniyyət Nazirliyinin müvafiq tövsiyələri əsasında yaradılan “Hophopnamə” kitab mərkəzini ziyarət edib. Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Tədbirin aparıcısı Ağalar Ağammədov Xalq yazıçısı Anarın yaradıcılıq fəaliyyəti barədə məlumat verib.

Sabirabad rayonun icra başçısı Siraqəddin Cabbarov dövlətimizin Azərbaycan xalqının misilsiz sərvəti olan mədəni və ədəbi irsə xüsusi önəm verməsindən, yazıçı və şairlərin xalqın şüurunda milli hissiyyatı oyatmaq missiyasından danışaraq Anarın bu sahədəki xidmətlərini yüksək qiymətləndirib.

AYB-nin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıçı-dramaturq, tərcüməçi Əyyub Qiyas, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza və başqaları Anarın Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin inkişafında və təbliğində əvəzsiz xidmətlərindən söz açıblar.

Çıxışçılar “Günlərdən şeir” layihəsi çərçivəsində öz yaradıcılıqlarından nümunələr də söyləyiblər.

Xalq yazıçısı Anar keçdiyi həyat və yaradıcılıq yolundan danışıb, Ulu öndər Heydər Əliyevlə görüşləri, Şuşa şəhəri ilə bağlı xatirələrini bölüşüb, ədəbiyyat və sənət haqqında, öz əsərləri ilə bağlı sualları cavablandırıb. 

Xalq yazıçısı yaddaqalan görüşə görə təşkilatçılara təşəkkürünü bildirib. O, həmçinin “Hophopnamə” kitab mərkəzinin yaradılmasını regionda mədəni mühitin canlanması istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirib.

Bədii hissədə Mil-Muğan RMİ-nin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin ifasında “Sənə də qalmaz”, “Ala gözlüm”, “Aman ayrılıq”, “Ay Laçın” mahnıları səsləndirilib.

Sonda RMİ-nin rəisi Faiq Xudanlı çıxış edərək dəvəti qəbul edib oxucularla görüşə gəldiyi üçün yazıçıya təşəkkür edib, xatirə şəkilləri çəkdirilib.

Tədbirdən sonra Anar sabirabadlı yazıçı-şairə Nisə Bəyimin (1955–2020) məzarını ziyarət edib.

N.Məmmədli