Bu il görkəmli teatr və kino rejissoru, aktyor, pedaqoq, ictimai xadim, Xalq artisti Rza Təhmasibin anadan olmasının 130 illiyidir. Sənətkar səhnə və ekranda yaratdığı bir-birindən maraqlı obrazlarla tamaşaçıların yaddaşında dərin iz qoyub.

Rza Abbasqulu oğlu Təhmasib 1894-cü il aprelin 20-də Naxçıvanda tacir ailəsində anadan olub. İlk təhsilini M.T.Sidqinin şəhərdə açdığı “Məktəbi-tərbiyə”də alıb. Sonra üçsinifli Naxçıvan şəhər məktəbinə qəbul edilib.

Uşaqlıqdan teatra həvəsi olan Rzanın atası Naxçıvanın sayılıb-seçilən tacirlərindən olan Abbasqulu bəy oğlunun aktyor olmasına razılıq verməyib. O, oğlunu özünün davamçısı kimi görmək istəyirdi. Abbasqulu bəy 1910-cu ildə onun yalnız ticarət sahəsində təhsil ala biləcəyini düşünərək Tiflisdə oxumasına razılıq verir. Rza Tiflis Ticarət Məktəbinin 4-cü sinfinə daxil olur. Qısa müddətdə şəhərin ədəbi-mədəni həyatı ilə tanış olur və atasının istəyinə zidd olaraq istedadlı rejissor Əli Abbasovun rəhbərlik etdiyi Azərbaycan teatr həvəskarları dərnəyinə üzv yazılır. 16 yaşında Tiflisdə “Müsəlman Artistləri İttifaqı”nın teatr truppasında fəaliyyətə başlayan gənc Rza Tiflis, İrəvan və Naxçıvan teatrlarında aktyor, eləcə də rejissor kimi fəaliyyət göstərir.

Rza Təhmasibin rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin tamaşası olub. Əsər 1917-ci ildə Naxçıvan teatrında göstərilib. Naxçıvanda ilk dəfə səhnələşdirilən əsərdə Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsar, Kefli İsgəndər rolunu isə aktyorun özü oynayıb. Dövrün mətbuatında onun quruluşunda “Ölülər” yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilib. “Ölülər” onun rejissor kimi formalaşmasında əhəmiyyətli rol oynayıb. Bu barədə sənətkar öz xatirələrində də yazıb: “İlk müvəffəqiyyətli rejissor işim üçün “Ölülər” pyesinə minnətdaram. Bu müvəffəqiyyətin bir səbəbi də əsərin öz məzmunudur. Qazanılan qələbənin xeyli hissəsi mərhum şair Qəmküsarın payına düşür. Pyesi düzgün başa düşməyimə, onun ictimai mənasını düzgün izah etməyimə görə mən hər şeydən əvvəl, ona borcluyam”.

***

Tiflis Ticarət Məktəbini bitirdikdən sonra Bakıya gələn Rza Təhmasib bir müddət “Səfa” mədəni-maarif cəmiyyətinin məktəbində müəllim işləyib. 1920-ci ildən isə sənətkarın yaradıcılığı indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə bağlı olub. 1922–1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937–1938-ci və 1953–1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərib.

Sənətkarın quruluşunda teatrsevərlərə təqdim olunan “Şeyx Sənan” (1931), “Sevil” (1934), “Özgə uşağı” (1936), “Madrid” (1938), “Vəfa” (1943), “Hacı Qara” (1958) kimi tamaşalar rejissorun yüksək sənət duyumunun, müəllif qayəsinin ustalıqla təqdimi baxımından diqqətəlayiq nümunələrdir.

O, aktyor kimi Azərbaycan və xarici ölkə müəlliflərinin əsərlərinin tamaşasında uğurla çıxış edib. Həyat verdiyi İsgəndər (“Ölülər”), İblis və Arif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”), Qacar (“Ağa Məhəmməd şah Qacar”), Süleyman (“Həyat”), Koşkin (“Lyubov Yarovaya”), Strijin (“Eskadranın məhvi”), Karl Moor (“Qaçaqlar”) kimi obrazlar mütəxəssislər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.

Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olan sənətkar dəfələrlə dramaturqun əsərlərini səhnəyə qoyub, müxtəlif rolları (Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator və s.) məharətlə ifa edib.

***

Rza Təhmasib səhnə uğurlarını kino sahəsində təkrarlamağa nail olan sənətkarlardandır. O, II Dünya müharibəsinin qızğın dövrü hesab edilən 1941-ci ildə çəkilişləri aparılan “Səbuhi” filmində ikinci rejissor kimi işləyib.

1943-cü ildə tamamlanan bu ekran əsəri Rza Təhmasibin bədii kinoda ilk rejissorluq işi kimi yüksək dəyərləndirilib. Görkəmli dramaturq, ictimai xadim Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığından bəhs edən filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi dövrün böyük sənətkarları rol alıb.

Sənətkarın kinoda növbəti uğurlu nümunələrindən biri də “Arşın mal alan” filmi hesab olunur. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə ekranlaşdırılan bu filmə görə onlar SSRİ Dövlət mükafatına layiq görülüblər.

Rza Təhmasib 1950-ci ildə Aleksandr Zarxi və İosif Xeyfitslə birlikdə “Bakının işıqları”, 1959-cu ildə Mikayıl Mikayılovla “Mahnı belə yaranır” filmlərinə quruluş verib.

Sənətkarın kinoda ilk sərbəst rejissor işi isə “Onu bağışlamaq olarmı?” filmidir. 1959-cu ildə lentə alınan filmin ssenarisini rejissorun qardaşı, görkəmli folklorşünas-alim Məmmədhüseyn Təhmasib yazıb.

Rza Təhmasib aktyor kimi “Almaz” (1936), “Fətəli xan” (1947), “Bakının işıqları” (1950) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Onun ən unudulmaz rolu isə, sözsüz ki, Xalq artisti, rejissor Muxtar Dadaşovun Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povestinin motivləri əsasında 1968-ci ildə çəkdiyi “Qanun naminə” filmindəki Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarından hesab olunur. Həmin filmdə Züleyxa obrazını oynamış Xalq artisti Flora Kərimova müsahibələrinin birində deyib: “Mehmanla Züleyxanın zarafatlaşan zaman otaq şüşəsinin qəfildən sınması və Qaloşun qırıq şüşədən onları izləməsi səhnəsi kinostudiyanın pavilyonunda ekranlaşdırılırdı. O an məni vahimə basmışdı. İnanın, bir neçə gün o qorxunun təsirindən çıxa bilmirdim. Çəkiliş getdiyini, Qaloşu oynayanın Rza Təhmasib, hər gün salamlaşdığım adam olduğunu bildiyim halda qorxmuşdum. Məndə xof yaranmışdı. Rza Təhmasib orada o qədər real oynayırdı, elə zəhmli baxışı vardı ki, həqiqətən, filmə çəkildiyimi unutmuşdum. Bu aktyorun qüdrətindən irəli gələn bir şey idi, sözlə ifadə ediləsi deyil”.

Rza Təhmasib 60-cı illərdə Azərbaycan Teatr Cəmiyyətinin (indiki Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri olub. O, ömrünün böyük bir dövrünü həm də pedaqoji fəaliyyətə həsr edib, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm xidmətlər göstərib. Sənətkar əvvəllər Bakı Teatr Məktəbində, 1946-cı ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib.

Görkəmli sənətkarın fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 1943-cü ildə “Əməkdar incəsənət xadimi”, 1964-cü ildə isə “Xalq artisti” fəxri adları ilə təltif edilib.

Rza Təhmasib 1980-ci il fevralın 14-də Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

Nurəddin