Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzi, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatı dəstəyi ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “İki ali dəyəri birləşdirən müdrik qadın” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, şəhid ailələrinin üzvləri, rayonun səhiyyə və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Tədbir Ulu öndər Heydər Əliyevin, onun ömür-gün gün yoldaşı Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra Zərifə Əliyevanın həyatından bəhs edən videoçarx nümayiş olunub.

Çıxışlarda bildirilib ki, Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmi məktəbinə öz dəyərli töhfəsini verib, bu sahədə gənc kadrların hazırlanmasında bilik və təcrübəsini əsirgəməyib.

Tədbir çərçivəsində həmçinin göz müayinəsi aksiyası keçirilib. Aksiyada 100-dən artıq sakin 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının, 23 və 24 nömrəli şəhər poliklinikalarının oftalmoloqları tərəfindən müayinə olunublar.

Tədbirin bədii hissəsində Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Elçin Nağıyev, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq incəsənət məktəbinin “Dan ulduzu” instrumental ansamblı və “Şiraz” qrupunun üzvləri çıxış ediblər.