Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Şəfiqə Axundovanın (1924–2013) 100 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir, musiqi axşamları təşkil olunur.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbində bəstəkarın yubileyinə həsr olunmuş konsert keçirilib.

Gecədə bəstəkarın ömür yoluna nəzər salınıb. Bildirilib ki, Şəfiqə Axundova Şərqdə ilk opera yazan xanım bəstəkar kimi tarixə düşüb. Əsərləri yalnız Azərbaycanda deyil, ölkəmizdən kənarda da ona şöhrət gətirib.

Sonra bəstəkarın həyat və yaradıcılığı ilə bağlı videoçarx nümayiş etdirilib.

Konsertdə Ş.Axundovanın “Gəlin qayası” operasından və digər əsərlərindən fraqmentlər təqdim olunub, sənətkarın məktəbin müəllim və şagirdlərinin ifasında  səslənən əsərləri alqışlarla qarşılanıb.

Konsert məktəbin xanəndə sinfi şagirdlərinin səsləndirdiyi "Mehriban olaq" mahnısı ilə başa çatıb.