Aprelin 29-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-sərgi kompleksində Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin müəllimi Esen Baydemirin “Yer və Göy” (“Arş-ü Ferş”) adlı fərdi qobelen sərgisi açılıb.

ADRA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru Xalq rəssamı, professor Fuad Salayev tədbiri açaraq Esen Baydemiri sərgisi münasibətilə təbrik edib. Rəssamın əsərlərində incəliyin, kompozisiya quruluşunun, fəzada tarazlığın tapılmasının, rəng münasibətinin rəsmlərə özəllik verdiyini bildirib.

Akademiyanın Beynəlxalq mübadilə və əcnəbi tələbələrin tədrisi şöbəsinin müdiri Afaq Hüseynova sərgi iştirakçılarına rektor Xalq rəssamı, professor Natiq Əliyevin salamlarını çatdırıb. O, sərgini Memar Sinan Universiteti ilə ADRA arasında əməkdaşlığın uğurlu başlanğıcı kimi səciyyələndirib.

Esen Baydemir çıxış edərək səmimi qarşılanmaya və sərginin təşkilində göstərdiyi köməkliyə görə ADRA rəhbərliyinə minnətdarlığını bildirib. 16 qobelen əsərinin yer aldığı sərgin qadın və ağac mövzusunu əks etdirir. Müəllif bu əsərləri yaradarkən Orta Asiya və Anadoluda yayılmış “Ağaca çevrilən qadın – dəfnə ağacı” əfsanəsindən ilhamlandığını vurğulayıb. 

Bildirək ki, E.Baydemir Mimar Sinan Universitetində xalça və kilim toxuculuğunu tədris edir.

“Yer və Göy” sərgisi mayın 8-dək ziyarət üçün açıq olacaq.