Bakı Xoreoqrafiya Akademiyası (BXA) orta ixtisas təhsil pilləsinin buraxılış-hesabat konserti keçirilib. Ənənəvi buraxılış-hesabat konserti Bakı Xoreoqrafiya Məktəbinin 95 və məktəbin bazasında yaradılmış Bakı Xoreoqrafiya Akademiyasının 10 illik yubileyi, həmçinin Beynəlxalq Rəqs Günü (29 aprel) münasibətilə təşkil edilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri, ictimai və mədəniyyət xadimləri, xarici qonaqlar, BXA-nın tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.

Konsertdə BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin, orta ixtisas təhsili pilləsinin məzun və tələbələrinin ifasında Lüdviq Minkusun “Bayaderka” baletindən səhnələr, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Saray qızlarının rəqsi”, Pyotr Çaykovskinin “Yatmış gözəl” baletindən “Pərilərin variasiyaları”, Cavanşir Quliyevin “Yallı” və digər müxtəlif rəqs kompozisiyaları, “Qaytağı” xalq rəqsi nümayiş olunub.

Buraxılış-hesabat konsertinin bədii rəhbəri BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadədir.