Milli teatr və kino sənətində silinməz iz qoymuş görkəmli aktyorlarımızdan biri də Xalq artisti Ağahüseyn Cavadovdur. Tamaşaçıların daha çox komediya aktyoru kimi tanıdığı sənətkar səhnədə və ekranda maraqlı obrazlar qalereyası yaradıb. Sənət fədaisini anadan olmasının 130 illiyi münasibətilə yada saldıq.

Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Bakının Xırdalan kəndində (indiki Xırdalan şəhəri) dünyaya göz açıb. İlk ibtidai təhsilini mollaxanada, sonra “Səadət” məktəbində alıb. Həmin məktəbi 1919-cu ildə başa vursa da, maddi çətinlik ucbatından təhsilini davam etdirə bilmir.

Ağahüseyn əmək fəaliyyətinə tacir yanında köməkçi kimi başlayır. Erkən çağlardan teatra maraq göstərən gənc Ağahüseyn vaxt tapan kimi teatr tamaşalarını maraqla izləyir. Dövrün görkəmli səhnə xadimləri Sidqi Ruhulla, Mirzəağa Əliyev, Cahangir Zeynalov və Hacıağa Abbasovun çıxışları onu bu sahəyə bağlayır. Qəlbində səhnəyə çıxmaq, bu görkəmli sənətkarlarla tərəf-müqabil olmaq arzusu baş qaldırır.

Ağahüseyn Cavadov 1920-ci ildə Azərbaycan Hərbi Komissarlığında Siyasi idarənin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi işə düzəlir. Bölməyə isə görkəmli sənətkar Sidqi Ruhulla rəhbərlik edirdi. O, həmin teatrda “Bəxtsiz cavan”, “Ac həriflər”, “Xor-xor”, “Dursunəli və ballıbadı”, “Molla Cəbi”, “Daşım-daşım” tamaşalarında səhnəyə çıxır. Oynadığı ilk komik rollar tamaşaçılar tərəfindən alqışlarla qarşılanır.

Artıq onun səhnə fəaliyyəti üçün geniş üfüqlər açılmağa başlayır. 1921-ci ildə yaradılan Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət olunur. 1932-ci ilin sonunda Gəncəyə köçürülərək Dövlət İşçi Dram Teatrı kimi fəaliyyətini davam etdirən həmin kollektivdə “Bəxtsiz cavan”da Hacı Səməd ağa, “Pepo”da Giko, “Namus”da Barxudar, “Morqanın qohumu”nda Mintoyev kimi rolları məharətlə canlandırır.

1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü ərəfəsində Bakıda Musiqili Komediya Ansamblı yaradılır. Bu ansambl Ümumittifaq baxışında böyük uğurla çıxış edir. Həmin il Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (indiki Akademik Musiqili Teatr) təşkil olunur. A.Cavadov bu teatra dəvət edilir. Geniş yaradıcılıq imkanları olan aktyor həmin teatrda Lütfəli Abdullayev, Aliyə Terequlova, İbrahim Hüseynov, Xalidə Hüseynova və başqa sənətkarlarla çiyin-çiyinə çalışır. Bu səhnədə ilk rolu isə “O olmasın, bu olsun” tamaşasının baş qəhrəmanı Məşədi İbad olur. O daha sonra bu teatrın səhnəsində “Beşmanatlıq gəlin”də Kəblə Hüseynəli, “Toy kimindir?” tamaşasında Uzun, “Lənkəran xanının vəziri”ndə Xan, “Arşın mal alan”da Soltan bəy, “Evliykən subay”da Kəblə Qubad, “Qızılgül”də Nadir və digər bir-birindən  maraqlı epizodik və əsas rollarda çıxış edir.

A.Cavadov 1942-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının truppasına dəvət olunur, ömrünün sonunadək həmin kollektivdə çalışır. Bu səhnədə “Məhəbbət”də Məmişov, “Toy”da Dəmirçi Musa, “Xoşbəxtlər”də Bərbərzadə, “Nişanlı qız”da Mirzə Salman, “Almaz”da Ocaqqulu, “Dönüş”də Xasməmməd, “Solğun çiçəklər”də Həmzə, “1905-ci ildə” İmamverdi, “Həyat”da Cəlal, “Yaxşı adam”da Soraq kişi, “Cavanşir”də Qənimət, “Mənim günahım”da Almurad və digər rollarla səhnəyə çıxır.

Aktyorun səhnə uğurları, sözsüz ki, kinorejissorların diqqətindən yayına bilməzdi. A.Cavadov ilk dəfə 1955-ci ildə lentə alınan “Bəxtiyar” filmində Rza roluna çəkilir. Həmin il daha bir ekran əsərində – “Görüş”də Əbülfəz rolunu canlandırır. Bununla da sənətkar ekranlarda daha çox görünməyə başlayır. “O olmasın, bu olsun” (Bəy), “Qızmar günəş altında” (Pirioğlu), “Əhməd haradadır?”  (Usta Əhməd), “Kölgələr sürünür” (Elmi işçi), “Bir qalanın sirri” (Rəmmal), “Sehrli xalat” (Vəzir), “Şərikli çörək” (Xırdavatçı), “İstintaq davam edir” (Həsən dayı), “Mən ki, gözəl deyildim” (Zeynalov), “Bizim Cəbiş müəllim” (Neft satan), “Qərib cinlər diyarında” (Qaraşad) və s. filmlərdə fərqli xarakterli obrazlar yaradır.

Görkəmli kinorejissor Ə.Atakişiyev aktyoru 4 filmində çəkib. Bunlardan üçü – “Bir qalanın sirri”, “Sehrli xalat” və “Qərib cinlər diyarında” film-nağıllar, “İstintaq davam edir” isə müasir macəra filmidir. Rejissor xatirələr kitabında bu sənətkar haqqında yazır: “Ağahüseyn Cavadov ümumxalq aktyorudur. Hələ “Bir qalanın sirri” filmindən yaradıcı qrupu öz təbii fəaliyyəti ilə heyran etmişdi. O heç kimə bənzəmir və heç kimi təqlid etmirdi. Xarici görünüşü ilə daim diqqət çəkirdi. Filmdə tərəf-müqabillə dialoqa çox təbii şəkildə başlardı. Onu saxlayıb nəyi isə düzəliş etməyə adamın əli gəlmirdi. O, kiçik rolu belə təsvir etmir, təbii şəkildə personajın özünə çevrilirdi. “Bir qalanın sirri”ndə aktyor falçının hərəkətlərində, jestlərində parlaq, nəzəri cəlb edən qorxulu detallar axtarıb tapırdı. Amma tərəf-müqabillərini, nə də tamaşaçıları qorxutmağa çalışmırdı. Onun qarşısında tamaşaçıları güldürmək yox, bir qədər təsirləndirmək məqsədi qoymuşduq. O da bunun öhdəsindən çox məharətlə gələ bildi. Sonrakı filmlərində biz onu komik, həm də ciddi rollarda gördük və yaratdıqlarının səmimiliyinə inandıq”.

Aktyorun “Qızmar günəş altında” filmindəki Pirioğlu rolu öz xarakterinə görə “Görüş” filmindəki Əbülfəzdən bir qədər fərqlənir. Belə ki, anbar işçisi Pirioğluda  insanlara qarşı bir inamsızlıq hissi özünü göstərir. Bunun da onun kolxoz sədrindən asılı olduğu üçün yaltağa çevrilməsidir.

Görkəmli rejissor Adil İsgəndərovla A.Cavadov uzun illər səhnədə çalışıblar. Tale onları bir dəfə də kinoda qarşılaşdırıb. Görkəmli rejissor onu “Əhməd haradadır?” filmində Usta Əhməd roluna çəkir.

A.Cavadov, ümumiyyətlə, aktyor kimi 200-dən artıq səhnə obrazı yaradıb, 10-dan çox filmdə çəkilib. Yaradıcılığı yüksək qiymətləndirilə sənətkar 1931-ci ildə “Əməkdar artist”, 1938-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. “Şərəf nişanı” ordeni ilə təltif edilib.

Filmlərdə yaratdığı maraqlı obrazlarla bu gün də tamaşaçılara təbəssüm bəxş edən, düşündürən Ağahüseyn Cavadov 20 iyun 1981-ci ildə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

Savalan Fərəcov