Mikayıl Azaflının şeirlərindən ibarət kitab çapdan çıxıb

 

XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, saz-söz ustadı Mikayıl Azaflının şeirlərindən ibarət yeni kitab işıq üzü görüb.

Azərbaycan Aşıqlar Birliyində (AAB) nəşrə hazırlanan “Ağarmayın, ay saçlarım, amandı...” adlı kitabda bu il 100 illik yubileyi qeyd olunan Mikayıl Azaflının (1924–1990) 100 şeiri yer alıb.

Nəşrdə ustad sənətkarın yaradıcılığından seçmə şeirlər – əsasən, aşıqların repertuarından düşməyən, dillərdə əzbər olan poeziya nümunələri verilib. Həmin poetik örnəkləri müşayiət edə biləcək saz havaları, o cümlədən ustadın özünün bəstələdiyi havalar şeirlərin sonunda göstərilib.

Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Musa Nəbioğlu, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlinin ərsəyə gətirdiyi kitabın elmi məsləhətçisi, redaktoru və ön söz müəllifi AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.