VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 100-dən çox ölkənin təmsilçilərini bir araya gətirib

 

2024-cü ildə dünyamız daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığı qədər parçalanmış qalır. Bütün çağırışlar qarşısında bizim bir araya gəlmək, parçalanmanı dəf etmək və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün nadir fürsətimiz var. Bu, “Bakı Prosesi”nin özəyidir.

Mayın 1-də Bakıda işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nümayiş olunan videotəqdimatda 100-dən çox ölkənin təmsilçilərinə və onların timsalında ümumən bəşəriyyətə bu sözlərlə xitab edildi.

Azərbaycan paytaxtının ilk dəfə 2011-ci ildə ev sahibliyi etdiyi Dialoq Forumunun budəfəki mövzusu – “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” – əslində, bu platformanın təməl dəyərini ehtiva edir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 16 il əvvəl beynəlxalq gündəmə təklif edilən “Bakı Prosesi”nin başlıca məramı mədəniyyətlər və sivilizasiyalararası dialoq vasitəsilə dünyada sülh və təhlükəsizliyə töhfə verməkdir.

Xatırladaq ki, bu platformanın əsası 2008-ci ilin 2-3 dekabrında Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzulu konfransda qoyulub. Azərbaycan tədbirə müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə qlobal dialoqa pəncərə açdı. Prezident İlham Əliyev konfransda “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü: “Mən çox istəyirəm ki, “Bakı Prosesi” mədəniyyətlər arasında dialoqun, anlaşmanın möhkəmlənməsinə dəyərli töhfəsini versin. Belə tədbirlərin keçirilməsi ənənəyə çevrilsin”. Konfransda “Bakı Bəyannaməsi” qəbul olundu və tarixi proses başlandı.

“Bakı Prosesi” təşəbbüsü daha sonra 2009-cu ilin oktyabrında İslam ölkələri mədəniyyət nazirlərinin paytaxtımızda keçirilən konfransında müzakirə olundu. Azərbaycan ənənəyə sadiq qalaraq tədbirə Avropa Şurasından qonaqlar da dəvət etmişdi. Konfransda “Bakı Prosesi” – sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı sənəd qəbul olundu.

2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev ölkəmizin mədəniyyətlərarası dialoq üzrə ilk Dünya Forumunu keçirmək niyyətini bəyan etdi.

2011-ci ilin 7-9 aprelində gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan paytaxtından dünyaya tolerantlıq mesajı oldu. Beş qitədən 80-dək ölkənin təmsil olunduğu, BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, ICESCO və digər təşkilatların dəstək verdiyi Forumun açılış sessiyası “Sərhədsiz dünyaya doğru” mövzusunda idi.

29 may – 1 iyun 2013-cü il tarixlərində Bakı “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” mövzulu II Dialoq Forumuna ev sahibliyi etdi. 18-19 may 2015-ci ildə III Dialoq Forumu “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusuna həsr olunmuşdu. 4-6 may 2017-ci ildə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Dialoq Forumu keçirildi.

2-3 may 2019-cu ildə V Forum “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında gerçəkləşdi. Nəhayət, pandemiya ilə bir neçə il ertələnən növbəti Dialoq Forumu yenidən Bakıda toplanıb.

Qeyd edək ki, ötən müddətdə Dialoq Forumunun yer-məkanları da yenilənib. İlki “Gülüstan” Sarayında gerçəkləşən, daha sonra iki dəfə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirlər artıq üçüncü dəfədir Bakı Konqres Mərkəzində keçirilir.

Beləliklə, “Bakı Prosesi” mədəniyyətlərarası dialoq platformasında altıncı dəfə dünya ölkələrini bir araya gətirib. Forumun açılış tədbirinin moderatoru, ABŞ-nin Corc Meyson Universitetinin professoru Alpaslan Özerdemin vurğuladığı kimi, 2008-ci ildə Prezident Əliyevin irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsü sərhədləri aşan və dünyada parçalanmanı aradan qaldırmaq məramı daşıyan uzaqgörən addım idi. Bu təşəbbüs indi dünənkindən daha da aktualdır. Azərbaycan lideri açılış tədbirindəki çıxışında da bunu diqqətə çatdırıb.

 

Prezident İlham Əliyevin nitqindən

 

Çox şadam ki, Forum yenidən canlanır. Bildiyiniz kimi, bir neçə il ərzində fasiləmiz oldu. Bu, COVID-lə və post-COVID vəziyyətlə bağlı oldu. İndi isə əminəm ki, bizim ənənəvi cədvəlimiz tamamilə bərpa olunub.

Forumun gündəliyi genişdir – mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq?

2019-cu ildə Bakıda görüşümüzdən sonra, əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb. Əfsuslar olsun ki, biz yeni münaqişələri görürük, yeni qeyri-sabitlik məkanlarını görürük və yeni təhdidləri görürük.

 

Çoxmədəniyyətlilik və etnik müxtəliflik ölkəmizin dəyəridir

 

Gündəlikdə olan məsələlərin müzakirəsində Azərbaycanın öz təcrübəsi var. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik. Ona görə də biz mütləq məhz bu təşəbbüsü irəli sürməli, “Bakı Prosesi”ni başlamalı idik...

Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu və çox keşməkeşli vaxtlarda – toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik.

Biz müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq və bu vəziyyətdən çıxa bildik. O vaxt işğal var idi, çox iqtisadi və sosial çətinliklər özünü büruzə verirdi. Azərbaycanı parçalamaq cəhdləri, aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi...

 

Beynəlxalq hüquq və ədalət carçısı – Azərbaycan təcrübəsi

 

Müzakirə olunacaq məsələlərdən biri də çoxtərəflilikdir. Azərbaycan öz təcrübəsini göstərib. Biz qəti şəkildə çoxtərəfliliyə sadiqik. Biz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etmişik. O, BMT-dən sonra ikinci ən böyük təşkilatdır. Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi bütövlüyü, daxili işlərə qarışmamaqdır. Biz həmin Hərəkatın təsisatlanması seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik.

Qoşulmama Hərəkatının sədri kimi yeni müstəmləkə tendensiyalarına qarşı mübarizəni də daima diqqətdə saxlamışıq. Hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub. Biz ədalət naminə danışırıq, beynəlxalq hüquq naminə danışırıq. Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi – XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Biz sədr olaraq Hərəkat daxilində bu işi gördük. Biz bilirik ki, azad və müstəqil olmaq nə deməkdir. Biz bunu bilirik və həmin insanlara kömək etmək istəyirik. Çünki onlar öz hüquqlarını müdafiə etmək, müstəqilliyə qovuşmaq, öz mədəniyyətlərini, öz dillərini qorumaq istəyirlər. Bu, həmçinin mədəniyyətlərarası dialoq üçün vacibdir. Biz burada ikiüzlü ola bilmərik, ikili standartları tətbiq edə bilmərik. Yaxud da ki, əgər görürüksə ikili standartlar nümayiş etdirilir, biz buna göz yuma bilmərik…

Bir məsələni də qeyd edim. Bu da sizin müzakirələr gündəliyinizə aiddir ki, sülh və təhlükəsizlik münaqişədən sonrakı vəziyyətlə bağlı olan məsələlərdir. Bütün əvvəlki dialoq forumlarında mən işğal və ədalətsizlik haqqında danışmışam. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi, demək olar ki, müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq. Biz öz səsimizi ucaltmışıq, biz ürəkdən çalışdıq, diplomatiya sahəsində işlədik, bütün beynəlxalq təşkilatlar qətnamələri və qərarları qəbul etdi və orada erməni qüvvələrinin çıxarılması tələb olunurdu. O cümlədən BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Amma bu, işləmədi, çünki implementasiya mexanizmi yox idi. Bu, bizim diqqətimizdən kənarda qala bilməzdi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik…

 

Vasitəçi olmadan sülhə doğru gedirik

 

Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır,  məhz Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. İndi isə biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.

***

Forumun açılış tədbirində çıxış edən BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos da sülhə aparan yolda və parçalanmış keçmişdən ümumi ortaq gələcəyə addımlamaqda dialoqun və bu platformanın əhəmiyyətini vurğulayıb: “Bakı Prosesi” bizə lazımdır. Ümid edirəm ki, burada aparılan müzakirələr və bu Forum parlaq gələcəyimizə töhfə verəcək”.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin iqtisadiyyat, elm, iqlim sahələri kimi qlobal çağırışların səsləndiyi mühüm platforma olduğunu bildirib. O, həmçinin ICESCO-nun Azərbaycanla sıx əməkdaşlığından bəhs edərək mayın 11-də “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin açılışının keçiriləcəyini də diqqətə çatdırıb.

UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramos da Azərbaycanla əməkdaşlığa önəm verdiklərini deyib: “İstəyirik ki, burada məhz incəsənət, mədəniyyət, elm sahələrində fəaliyyət göstərən xadimlər bir araya gəlsinlər, öz fərqli identikliklərini bölüşsünlər. Hesab edirəm ki, Azərbaycan bu baxımdan çox gözəl tanınan ölkədir”.

Forum çərçivəsində aparılan müzakirələrin rolundan danışan Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Uroseviç Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirlərin turizm və miqrasiya sahəsində də mövcud problemlərin həllində əhəmiyyətini, eləcə də noyabrda Bakıda keçiriləcək COP29-un önəminə diqqət çəkib.

***

Forum açılış mərasimindən sonra işini plenar və panel sessiyalarla davam etdirib.

Qeyd edək ki, Azərbaycan Hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən, 100-dən çox ölkəni təmsil edən 700 qonağın qatıldığı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun üçgünlük proqramına 4 plenar sessiya və 12 panel daxildir.

1-2 mayda Bakıda keçirilən tədbirlər mayın 3-də Ağdamda xüsusi sessiya ilə yekunlaşacaq. Forum iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olacaqlar. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.