Azərbaycan Dillər Universitetində (ADU) Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma və Yaradıcılıq fakültəsinin məzunlarına diplomların verilməsi mərasimi keçirilib. 

Mərasimdə çıxış edən fondun rəhbəri, ADU-nun rektoru Xalq yazıçısı, akademik Kamal Abdulla deyib: “May ayı Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu münasibətlə ədəbiyyatçılarımız, ziyalılarımız üçün bir mükafat təsis edək və onu hər ilin may ayında təqdim edək. Mükafatı beşinci ildir ki, təqdim edirik. Bəs niyə ədəbiyyat adamı? Fikrimcə, bu çox iddiasız, mütəvazi addır. Bizim aləmimizdə ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşəkarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, ədəbiyyatın dostu olan şəxsdir. Biz bu gün Yaradıcılıq fakültəsinin dinləyicilərini də uğurlayırıq. İnanıram ki, aldıqları təhsilin izlərini, rayihəsini onların gələcək yaradıcılıqlarında hiss edəcəyik. İnanıram ki, onlar həmişə ədəbiyyatın yanında, mətnin yanında olacaqlar...”.

Sonra “Ədəbiyyat adamı” mükafatına layiq görülənlər –  Ramiz Rövşən, Həmid Herisçi, Aydın Talıbzadə, Rüstəm Behrudi, Azər Turan, Etimad Başkeçid, Aqşin Yenisey, Nərgiz Cabbarlı, Varis, Ulucay Akif təltif olunublar.

Qaliblər mükafata layiq görüldükləri üçün təşəkkür ediblər.