Mədəniyyət Nazirliyinin, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli tarzən, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Ramiz Quliyevlə gənclərin görüş-konserti keçirilib.

Görüşdə çıxış edən “İrəli” İctimai Birliyinin layihələrlə iş üzrə katibi, “MədəniyyətimİZ” proqramının koordinatoru Riad Cəbrayılov layihə haqqında geniş məlumat verib, silsilə xarakter daşıyan görüş və konsertlərin ölkə gəncliyinin Azərbaycan mədəniyyətinə olan sağlam münasibətinin göstəricisi olduğunu qeyd edib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, əməkdar artist Sahib Paşazadə çıxışında Ramiz Quliyevin həyat və yaradıcılığından, onun pedaqoji fəaliyyətindən bəhs edib.

Tədbirdə Ramiz Quliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafı kontekstində tar ifaçılığının tarixi, keçdiyi dövr və uğurlarımız, cəmiyyətdə milli musiqi dəyərlərinin qorunması və gənc nəslə təbliğindən danışıb.

Beynəlxalq Muğam Mərkəzinin aparıcısı Səmray Əliyevanın moderatorluğu ilə “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan musiqisinin rolu”, “Tar ifaçılığı məktəbində yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin müasir ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında müzakirələr aparılıb.

Görüşün bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət müxtəlif musiqi nümunələri təqdim olunub.

Qeyd edək ki, “MədəniyyətimİZ” proqramının həyata keçirilməsində əsas məqsəd ölkə mədəniyyətinin müxtəlif sahələri üzrə peşəkar, tanınmış incəsənət xadimləri ilə gənclərin əlaqələndirilməsi, mədəni dəyərlərin təbliği və Azərbaycan mədəniyyətinin inkişafına töhfə verməkdən ibarətdir.