Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də “Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda XI panel sessiya təşkil edilib.

Beynəlxalq Hüquq və Dini Araşdırmalar Mərkəzinin direktor müavini xanım Elizabet A.Klarkın moderatorluğu ilə keçirilən sessiyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov açılış nitqi ilə çıxış edib.

O qeyd edib ki, müxtəlif mədəniyyətlər və inanclar arasında körpü yaratmaq inklüziv və multikultural cəmiyyətlərin xüsusiyyətidir. Əməkdaşlıq olmadan bu körpülər yaradıla bilməz. Əməkdaşlıq cəmiyyətdə təcrid olunmuş və azlıq təşkil edən qruplar üçün inteqrasiya imkanları yaradır.

Rəvan Həsənov eyni zamanda bildirib ki, multikultural cəmiyyətin formalaşmasına müxtəlif maneələr yaratmaq insanlar arasında nifrətin yayılmasına səbəb olur. "Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağın həlledici yollarından biridir. İctimai birliyə nail olmaq bu gün hökumətlərin və dövlətlərin qarşısında duran prioritetlər sırasındadır. Bu, çox mürəkkəb və vaxt aparan prosesdir. Amma bu, bizi ruhdan salmamalıdır. Biz beynəlxalq əməkdaşlığımızı, dostluğumuzu gücləndirməliyik”, – deyə icraçı direktor vurğulayıb.

Sessiyada çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla ölkəmizdə multikultural dəyərlərin son dərəcə yüksək qiymətləndirildiyini söyləyib. Diqqətə çatdırıb ki, bu həm Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir, həm də xalqımızın canından, qanından gələn hisslərdir.

Akademik bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev başqa dinin nümayəndələrinə, digər millətlərə hər zaman böyük hörmətlə yanaşırdı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün konfessiyalara, milli müxtəlifliklərə eyni siyasi münasibəti bəsləməsi ilə multikultural təhlükəsizliyi təmin edib.

Pakistanın UNESCO yanında daimi nümayəndəsi, səfir Asim İftixar Əhməd çıxışında bildirib ki, dünyada hələ də həllini gözləyən bir çox böhranlar, münaqişələr var. Hazırda dünyada irqi ayrı-seçkilik kimi bir çox başqa ciddi problemlərlə qarşılaşırıq.

O deyib ki, dialoq çox önəmlidir, lakin bu gün sülh üçün kifayət edəcək qədər deyil. “Bakı Prosesi” və bu kimi digər platformalar sivilizasiyalar arasında körpü yaratmaq məqsədi daşıyır.

İsa Məsihin Son Günlər Müqəddəsləri Kilsəsinin Mərkəzi Avropa və Avrasiya üzrə prezidenti Cek Noel Gerard isə qarşılıqlı hörməti və anlaşmanı yüksək qiymətləndirdiklərini söyləyib. Bildirib ki, onlar dünyanın bütün inanclarında olan dəyərlərə hörmət edirlər.

“Müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq körpüləri qurulmalıdır. Bununla biz dünyanın qarşıladığı çağırışlarla mübarizə apara bilərik. Əməkdaşlıq çərçivəsində dəstəyə həqiqətən ehtiyacı olan şəxslərə ləyaqətli şəkildə kömək göstərə bilərik”, – deyə Cek Noel Gerard vurğulayıb.

Xarici Regional Araşdırmalar Departamentinin rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının Ural Federal Universitetinin (RF) rəhbəri Aleksandr Nesterov isə diqqətə çatdırıb ki, multikulturalizm termin olaraq qədim deyil. Lakin onun özündə ifadə etdiyi hər bir anlayış qədim tarixə malikdir.

“Azərbaycan, xüsusilə də bu ölkənin Prezidenti multikulturalizmi dövlət siyasətinin əsasına çevirib. Bununla belə, multikulturalizm, yəni müxtəlif azsaylı xalqların, ayrı-ayrı konfessiyaların və mədəniyyətlərin tarixən bir yerdə olması Azərbaycan xalqının həyat tərzidir”, – deyə o əlavə edib.

Banqladeşin sabiq səfiri və İƏT-in Avropa İttifaqındakı keçmiş daimi müşahidəçisi İsmət Cahan vurğulayıb ki, Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir. Mədəniyyətlərarası dialoq sülh, mədəniyyət və qarşılıqlı anlaşmanı formalaşdırır. İnsanların sülh şəraitində yaşamasının önəmli olduğunu vurğulayan İ.Cahan deyib: “Təəssüf ki, dünyada siyasi və dini baxımdan ayrı-seçkilik var. Bu, cəmiyyətdə sülhün bərqərar olması üçün problem yaradır. Dinlərarası dialoqlarda üst-üstə düşən məqamlar olsa da, fərqli fikirlər də mövcuddur. Bu zaman, ilk növbədə, dinləmə və dialoqun qurulması əsas şərtdir. Bunun üçün isə ortaq həll yolları tapılmalıdır”.

Panel sessiyada çıxış edən ABŞ-nin Daxili Təhlükəsizlik Departamentinin sabiq direktor müavini Janna Skot gənclərin qlobal sahəyə cəlb olunmasının önəmindən bəhs edib. Bildirib ki, bu vasitə ilə onlar arasında kommunikasiya yaratmaq mümkündür.

Dinlərarası Dindarlıq Proqramının direktoru professor Kamal Abu-Şamsieh, Parisdəki Ərəb Dünyası İnstitutunun direktoru, sabiq mədəniyyət naziri Kərim İfrak və "CAGE International"ın icraçı direktoru Muhammad Əbdur Rabbani çıxışları zamanı sülhün dünya üçün son dərəcə vacib olduğunu vurğulayıblar. Bildirilib ki, yoxsulluq, şiddət və ayrı-seçkilik aradan qaldırılmalıdır.

Çıxışlardan sonra panel sessiya müzakirələrlə davam edib.