Partiyanın qərargahında “Əhməd Cavad İnstitutu” yaradılıb

 

Azərbaycanın istiqlal şairi, Dövlət Himnimizin sözlərinin müəllifi Əhməd Cavadın (1892–1937) ailəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını ziyarət ediblər.

Baş katib Sultan Raev və Əhməd Cavadın ailə üzvləri Nicat Emiroğlu Quliyev, Anar Axundzadə, Mehin Banu Quliyeva və Yılmaz Axundzadənin iştirak etdiyi görüşdə MHP sədrinə “Əhməd Cavad şərəf medalı” təqdim olunub.

Sultan Raev deyib ki, Türk dünyasının görkəmli şəxsiyyətlərindən olan şair, pedaqoq Əhməd Cavad öz yaradıcılığı ilə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının istiqlal və hürriyyətinə öz töhfəsini verib. Qeyd olunub ki, MHP sədri bu medala Əhməd Cavad ailəsinin istəyi ilə onun Türk dünyasına və türk milli idealına göstərdiyi xidmətlərə görə layiq görülüb.

Sultan Raev Dövlət Baxçalının Türkiyənin 57-ci hökumətində Baş nazirin müavini olduğu dövrdə TÜRKSOY-un Ankaradakı baş qərargahı üçün torpaq sahəsinin ayrılması və binanın tikintisində təşəbbüsü olduğunu xatırladaraq təşəkkürünü bildirib.

MHP sədri Ə.Cavadın “Çırpınırdın, Qara dəniz” şeirinin Türk dünyası üçün birləşdirici dəyər olduğunu bildirib: “Türkiyədə vaxtilə hər tədbirimizin əvvəlində milli marş oxunurdu. Bir gün “Çırpınırdın, Qara dəniz” əsəri oxunanda çoxumuz təəccübləndik. Sonralar Əhməd Cavad və onun yaradıcılığı hamımızın dünyagörüşündə böyük rol oynadı. Onun şeirləri hər cür siyasi düşüncələrdən kənarda mədəni fəaliyyətlərdə millətçi xalqımızın qəlbində daim yaşamış dəyərə çevrildi. Bu baxımdan TÜRKSOY-un təşkilatçılığı ilə Əhməd Cavad ailəsinin bu gün qərargahımızda olması partiyamızı qürurlandırdı.

Əhməd Cavadı sayğı və minnətdarlıqla anıram”.

Qeyd edək ki, bu il “Çırpınırdın, Qara dəniz” (1914) şeirinin yazılmasının 110 ili tamam olur. Şeir Üzeyir Hacıbəylinin bəstəsi ilə 10 il sonra – 1924-cü ildə Türkiyə Prezidenti Qazi Mustafa Kamal Atatürkün Qarsa səfəri zamanı ilk dəfə səsləndirilib.

***

Onu da qeyd edək ki, MHP liderinin göstərişi ilə partiyanın qərargahında “Əhməd Cavad İnstitutu” yaradılıb. Bu barədə MHP-nin sədr müavini İsmail Özdemir bildirib. O deyib ki, institutun yaradılmasında məqsəd şairin çoxşaxəli yaradıcılığını, Türk dünyasında ədəbiyyat və ictimai fikrin inkişafına verdiyi töhfələri araşdırmaq, qardaş xalqlar arasında birliyin dərinləşməsinə xidmət etməkdir: “Həyatı və yaradıcılığı ilə dövrün ən parlaq və güclü nümayəndələrindən biri, milli duruşlu, xeyriyyəçi ziyalı, türk şüuru üçün göstərdiyi fəaliyyətə görə güllələnib şəhid olan, Türk dünyasının ədəbiyyat və düşüncə tarixinə adını qızıl hərflərlə yazdırmağı bacaran Əhməd Cavadın milli şüurunun və fədakarlığının Türk birliyi və həmrəyliyi üçün gələcək nəsillərə ilham olmasını arzu edirik”.

MHP sədrinin baş müşaviri, professor Ruhi Ərsoy  instituta rəhbər təyin olunub.

Mehparə Sultanova
Ankara