Uşaqlıqdan rəssam olmağı arzulayan Tahir Ələkbərov 1975-ci ildə Bakının Balaxanı kəndində rəssam Akif Ələkbərovun ailəsində dünyaya göz açıb. Bu yolda ilk addımlarını atası ilə atan Tahir məktəb illərindən Pionerlər evində Xəyyam müəllimin yanında sənətin sirlərini öyrənib. Atasının sənət dostları, onların maraqlı söhbətləri, Xalq rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayevin kitabları ilə böyüyüb.

1990-cı ildə Əzim Əzimzadə  adına Dövlət Rəssamlıq Məktəbinə daxil olub. Burada ilk müəllimi Əməkdar incəsənət xadimi Əyyub Hüseynov, daha sonra Kamil Ramazanov olub. Bağ mövzusunda diplom işində (Kürdəxanı, Ləhiş bağlarının təsviri, quyudan suçəkən oğlan) öz uşaqlıq xatirələrini də canlandırıb.

Tahir Ələkbərov daha sonra təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalça rəssam ixtisası üzrə davam etdirir. 1998-ci ildə universitetin bakalavr, 2001-ci ildə magistr pillələrini başa vurub. Bakalavr diplom işi namazlıq xalça, magistr diplom işi karvan təsvirli dekor xalça olub.

1995-ci ildə Balaxanı kəndində 4 saylı orta məktəbdə təsviri incəsənət müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Tahir Ələkbərov 2018-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışır. 1998-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Əsasən rəngkarlıqla məşğul olan rəssam, eyni zamanda xəttatlıq, xalça sənəti ilə də məşğuldur. Əl işlərini müxtəlif sərgilərdə təqdim edib. “Ghadir International Calligraphy Festival” (Təbriz, İran, 2004), “Capadokia I Internationale Tradisional  Art Camp” (Kapadokya, Türkiyə, 2019) sərgilərinin iştirakçısı olub. “International Calligraphy Exhibition” (Bakı, 1996) sərgisində qızıl medal qazanıb. Şərur, Göygöl rayonlarında və  Bakı şəhərindəki bir neçə məscidin bədii tərtibatını verib. Son zamanlar əsasən freska – divar rəsmləri üzrə çalışan rəssam italiyalı Stefano Lukanın yaradıcılığından bəhrələnib.

Tahir Ələkbərov “Mənim narahatlığım”, “Atəşi-eşq”, “Səmimiyyət”, “Ümid”, “Məbəd”, “Ləhiş bağları” və s. əsərlərin müəllifidir.

“Məbəd” əsəri COVID-19 pandemiyası dövründə ABŞ-nin Sent-Luis şəhərində festivalda sərgilənib. Əsərdə təsvir olunan məbəd Balaxanı qəbiristanlığında yerləşən kiçik abidədir.   Abidənin xəzri küləyinin daim döyəclədiyi tərəfini təsvir edən rəssam əsərin aşağı hissəsindəki divar effektini boya ilə kvars qumunun qarışığından əldə edib. Əslində, içəri hissədəki qəbirdaşı abidənin daxilində deyil. Kompozisiyanı tamamlamaq məqsədilə təsvirdə həmin daşı məbədin interyerinə yerləşdirən rəssam məhz bu məkanı dünyanın mərkəzi kimi görür. Abidənin forması dünyanın dörd cəhətini simvolizə edir. Bu dörd cəhət həm də 4 ünsürə işarədir. Abidənin aşağı hissəsində üç sıra daş var ki, bu da atəşpərəstlikdən irəli gələn – düzgün düşün, düzgün yaşa, düzgün danış prinsipinə uyğundur.

Sent-Luis şəhərindəki sərgidə “Məbəd” əsəri haqqında çox maraqlı rəylər qəbul edən rəssamın ən təsirləndiyi fikir – “sən bədii ifadənin gücü ilə kiçik bir abidəni müqəddəs ocağa çevirmisən” olub.

Tahir Ələkbərovun yaradıcılığında izləyicilərini təəccübləndirərək düşünməyə vadar edən, intuitiv səciyyəyə malik əsərlər də mövcuddur. “Ekzistensiya” əsəri belə örnəklərdən biridir. Əsər, adından da bəlli olduğu kimi, müəllifin mövcudluq fenomenini, yəni varlıq səbəbini kəşf etmə cəhdinin təsviri nümunəsidir. Mərkəzində qadın başı təsvir olunan kompozisiyada istifadə olunan forma və rənglər xüsusi emosional təsir gücünə malikdir. Burada qadın fiqurunun daxili enerjisi ilə dinamikası ön planda çıxış edir. Müəllifin əsər üçün seçdiyi təzadlı və cəsarətli kolorit həlli izləyicilərin təxəyyülündə yeni bir kəşf, maraq, estetik zövq yaradır.

Rəssamın akvarel texnikası ilə icra etdiyi rəsm əsərləri maraqlı mövzular ilə yanaşı, xeyli əhatəli olan janr müxtəlifliyi ilə də seçilir. Mənzərə əsərləri içərisində “Ləhiş bağları” realist xüsusiyyətləri ilə diqqət çəkir. Bağ evi rəssamın tündvari və açıq rənglərdən ibarət palitrasında özünəməxsus duyumla təsvir olunub. Abşeronun susuz torpaqlarında yetişib, bir növ mübarizə aparan ağaclar, kol-kos sanki ətrafa sirli-soraqlı bir ab-hava, poetik ovqat bəxş edir. Sulu boya texnikasının bəxş etdiyi imkanlardan məharətlə istifadə edən rəssam Tahir Ələkbərov peyzaj əsərində emosional dərinliyi olduqca dolğun bir şəkildə təqdim edib.

Gələcəyə nikbin köklənən rəssam daim öz üzərində işləyir, yaradıcılıq axtarışlarını davam etdirir. Bu yolda rəssama uğurlar arzulayırıq.

Lamiyə Əliyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı