2024-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) yaranmasının 90 illiyi tamam olur. Yubileylə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bu qəbildən, eləcə də ABİ-nin cari ildə nəzərdə tutulan digər tədbir və layihələri barədə mayın 3-də qurumun idarə heyətinin iclasında müzakirə aparılıb.

ABİ-nin sədri Xalq artisti Firəngiz Əlizadə ötən müddətdə unudulmaz bəstəkarlar Şəfiqə Axundova və Süleyman Ələsgərovun 100 illik yubileyləri ilə bağlı təşkil olunan tədbirləri, Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalları çərçivəsində ittifaqda keçirilən elmi konfransların məruzələri əsasında hazırlanan məqalələr toplusunun nəşri və təqdimatını diqqətə çatdırıb, bəstəkar və musiqişünasların fəaliyyətindən danışıb.

ABİ-nin 90 illiyi ilə bağlı tədbirlərdən bəhs edən Firəngiz Əlizadə 15-20 may tarixlərində “Gənc bəstəkar və musiqişünasların” plenumunun keçiriləcəyini deyib. Bu çərçivədə mayın 15-də ABİ-də gənc bəstəkarların kamera-instrumental əsərlərinin, mayın 16-da gənc musiqişünasların elmi konfransı, mayın 17-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc bəstəkarların simfonik əsərlərinin ifası nəzərdə tutulub.

Yubileylə bağlı növbəti tədbir 15-17 iyun tarixlərində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçiriləcək səyyar plenum olacaq. Proqrama opera, simfonik, kamera-instrumental əsərlərin ifası, ziyalılarla görüşlər daxildir.