Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11–13 may tarixlərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində gerçəkləşəcək.

Məlum olduğu kimi, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında sərəncam imzalayıb. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da bu il İslam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. Festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alacaq.

Festivalın proqramı iştirak edəcək ifaçılarla yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.

Mayın 11-də Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı – 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçiriləcək. Ertəsi gün festival iştirakçılarının rəngarəng çıxışları olacaq.

Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara bir sıra ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq.

Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin ilin may ayında məşhur xanəndə, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. Həmin il və 1991-ci ildə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə olub. 1992-ci ildə Şuşanın işğalından sonra festival keçirilməyib.

2020-ci ilin Vətən müharibəsindəki tarixi Zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Bu il isə festivalın məkanı genişlənərək Laçın şəhərini də əhatə edir.