Mədəniyyət xadimlərinə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub

 

Mayın 7-də Milli Azərbaycan Tarixi Muzeyində bir sıra mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli medala layiq görülən mədəniyyət xadimlərinə təbriklərini çatdırıb, bu yüksək təltifi Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğının daha bir təzahürü kimi qiymətləndirib: “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının hər birimiz üçün xüsusi əhəmiyyəti vardır. Çünki bu medalla təltif edilənlər Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə Azərbaycan mədəniyyətinə töhfələr veriblər”.

Qeyd olunub ki, medalın mədəniyyətimizin böyük hamisi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində təqdim edilməsi xüsusilə əhəmiyyətlidir və simvolik məna daşıyır.

Ölkəmizin dünyaya həm də mədəniyyət diplomatiyası ilə təsir etməli olduğunu deyən nazir bildirib ki, Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı Ordumuzun döyüş meydanında qazandığı Qələbəni mədəni zəfərimizlə rövnəqləndirməliyik: “Bu da, sözsüz ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçəcək və bununla Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə daha geniş tanınacaq. Xalqımız sizin adınız və xidmətinizlə qürur duyur. İnanıram ki, sizlər – Ulu öndər Heydər Əliyevin dəstəyini görmüş mədəniyyət xadimləri – onun mədəni irsə diqqət və qayğı prinsiplərini gələcək nəsillərə ötürəcəksiniz. Bu, yeni nəsillər üçün çox əhəmiyyətlidir”.

Nazir çıxışının sonunda ölkəmizin mədəniyyət ictimaiyyəti adından Azərbaycan mədəniyyəti və incəsənətinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Daha sonra “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı sahiblərinə təqdim edilib. Mədəniyyət xadimləri yüksək təltifə layiq görüldüklərinə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli Qanunu ilə təsis olunub. Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycanın və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri bu medalla təltif edilə bilərlər.

Lalə