Mayın 7-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-sərgi kompleksində “Heydər Əliyev mirası” adlı elmi konfrans və akademiyanın professor-müəllim heyətinin yaradıcılıq əsərlərindən ibarət sərgi keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

ADRA-nın rektoru Xalq rəssamı, professor Natiq Əliyev elmi konfransı açıq elan edərək ötən il Ulu öndərin 100 illiyi münasibətilə akademiyada keçirilən tədbir və sərgilərdən danışıb. Rektor Ümummilli liderin Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərindən, xüsusilə, mədəniyyətimizin inkişafına yüksək diqqət və qayğısından bəhs edib.

ADRA-nın Humanitar və ictimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov “Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı”, İncəsənət tarixi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kübra Əliyeva “Dövlətin memarı – bir həyatın ensiklopediyası”, Humanitar və ictimai fənlər kafedrasının müdiri dosent Rima Qafarzadə “Heydər Əliyevin Azərbaycanda ekologiya siyasəti və ekoloji mədəniyyət” və akademiyanın incəsənət əsərlərinin bərpası və ekspertizası ixtisası üzrə II kurs magistrantı Firudin Abdullazadə  “Azərbaycan portret heykəltaraşlığında Heydər Əliyev obrazı” mövzusunda məruzə ediblər.

Konfrans iştirakçıları ADRA-nın Elm şöbəsinin hazırladığı Heydər Əliyevə həsr olunmuş videoçarxı izləyiblər.  

Elmi konfransdan sonra ADRA-nın professor-müəllim heyətinin yaradıcılıq işlərindən ibarət sərgi açıq elan edilib. Sərgidə rəngkarlıq, heykəltaraşlıq, qrafika, plakat, batika, zərgərlik, şpon, keramika, qobelen və rəssamlığın digər sahələrini əhatə edən 120-dən artıq əsər nümayiş olunub.

“Heydər Əliyev mirası” sərgisi mayın 20-dək davam edəcək.