“Arzumuz budur ki, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin”

 

Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində çıxışı zamanı deyib.

Mədəniyyətimizin paytaxtı, söz-sənət beşiyi Şuşa 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını da daşıyır. Bununla bağlı qərar ötən ilin 25-26 sentyabrında Qətərin paytaxtı Dohada İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında qəbul olunub. Prezident İlham Əliyev ötən ilin noyabrında “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Builki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının proqramı da İslam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə olaraq xüsusi tərtib edilmiş, sənət bayramına ICESCO ölkələrindən ifaçılar və yaradıcı kollektivlər dəvət olunmuşdu.

Festivalın və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, müxtəlif ölkələrdən nazirlər, digər rəsmi qonaqlar, diplomatlar iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması haqqında qərara görə ICESCO-ya, onun rəhbərliyinə, təşkilata üzv ölkələrə təşəkkürünü bildirən Prezident İlham Əliyev deyib ki, biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik: “Birinci dəfə deyil ki, Azərbaycan şəhəri bu şərəfli ada layiq görülür. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. Bu dəfə isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu şərəfli adı daşıyacaq”.

Azərbaycanın İslam dünyasında həmrəyliyin gücləndirilməsi üçün böyük səylər göstərdiyini deyən İlham Əliyev vurğulayıb ki, ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq.

 

Mədəniyyət paytaxtımız həm də qəhrəmanlıq, zəfər və sülhün rəmzidir

 

Prezident daha sonra deyib: “Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Dünən (10 may – red.) Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır.

Bu işğala baxmayaraq, Şuşa öz ruhunu – Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, – Allah bütün şəhidlərimizə rəhmət eləsin, – Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir.

Qeyd etdiyim kimi, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz Şuşanı tam haqlı olaraq sülhün rəmzi kimi qiymətləndirə bilərik”.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, builki “Xarıbülbül” festivalı Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına həsr edilib: “Bu gün bir çox müsəlman ölkələrinin kollektivləri bizim üçün müqəddəs olan Cıdır düzündə öz məharətlərini ifadə edəcəklər. Bu, birlik bayramı olacaq, bu, həmrəylik bayramı olacaq. Eyni zamanda, Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir. Bizim qəhrəman əsgər-zabitlərimiz, bax, bu sıldırım qayalara dırmaşaraq yüngül silahlarla şəhəri düşməndən azad etmişlər.

Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin”.

***

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik mərasimdə çıxış edib. Çıxışına Şuşanın tərənnümü ilə başlayan qonaq deyib: “O, sanki əzəmətli dağlarının zirvələrinə yüksəlib ki, yeni nailiyyətini fəxrlə bildirsin. 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı oldu. 2023-cü ildə isə o, “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi. Amma 2024-cü ilin bu günündə o, İslam dünyasının mədəniyyət paytaxtı kimi özünəməxsusluq bayrağını və dühasını daşıyır. Hər dəfə əhatə genişlənir, coğrafiya böyüyür. Üç il mədəniyyət paytaxtı adına layiq olan az sayda belə şəhər var. Bu, dərin bir işarədir. Bu, nailiyyətə, imkanlara və ehtirama işarədir. Bu, Şuşa şəhəridir – paklıq, saflıq və xoş ab-hava şəhəri. Şəhərin adı da elə buradan gəlir. Bizlərdən kimsə dünyada adı saflığa və təmizliyə uyğun gələn başqa şəhər tanıyırmı? Buranın havası təmiz, insanların hissləri pakdır. Buna görə də təəccüblü deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının vətənidir, musiqi, fikir və şairlər yurdudur”.

ICESCO rəhbəri qeyd edib ki, Şuşanın mütəfəkkirləri, yaradıcı insanları şəhərin Qafqaz müsəlman kimliyini öz qələmlərində daşımışlar: “Onun zənginliyinə aşiq olmuş mütəfəkkirləri, şairləri, sənətkarları yaddaşlara əbədi həkk olmuşdur. Biz bunlara şairlər Xurşidbanu Natəvanı, Molla Pənah Vaqifi, Qasım bəy Zakiri, xanəndə Cabbar Qaryağdıoğlunu, ifaçı Mirzə Sadıqı, yazıçı Nəcəf bəy Vəzirovu, bəstəkar Üzeyir Hacıbəylini, dramaturq Əbdürrəhim bəy Haqverdiyevi, mütəfəkkir Əhməd Ağaoğlunu və başqalarını aid edə bilərik. Dünən böyük xanəndə Bülbülün evində olanda divarlar, mebellər, ağacların kölgələri dil açıb bizə deyirdi ki, bu ev Şuşada keçmişlə indinin əlaqəsini göstərir, övladların ata-babalarının irsi ilə əlaqəsini sübut edir, enməyən bir bayrağa işarə edir”.

Salim bin Məhəmməd əl-Malik Şuşa şəhərində aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərində Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, Şuşanın otuzillik işğaldan azad edilməsini ICESCO da sevinclə qarşılayıb: “Azərbaycan xalqını sevindirən onu da sevindirdi. Buna görə də təşkilat vədlərinə sadiq qaldı. ICESCO fəxr edir ki, Prezident İlham Əliyev onun planlarını və Azərbaycanla bağlı proqramlarını dəstəkləyir və təşkilat da öz növbəsində ona öz vəfa borcunu yerinə yetirir. Azərbaycanın zəkalı oğulları ICESCO-da fəaliyyət göstərir, orada təcrübəli ekspertlər kimi çalışırlar”.

Baş direktor ICESCO-nun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə irs missiyası göndərən ilk beynəlxalq təşkilat olduğunu da xüsusi vurğulayıb. “Təşkilat bundan sonra da Azərbaycanla olan özünəməxsus etibarlı əlaqələrinə sadiq qalacaq, onun yanında olacaq, onun sivilizasiyada tutduğu yolu müdafiə edəcək, sevinc və qürur anlarını onunla birlikdə qeyd edəcək. Onun oğullarının və qızlarının həyata keçirdiyi quruculuq işlərini dəstəkləyəcək. Paklıq ətrinin və saflıq müşkünün daşıyıcısı olan şuşalı İslam dünyası mübarək olsun. Onun sevgisini bölüşən, hər zaman onu görməyə can atan İslam dünyalı Şuşaya eşq olsun!”.

***

Çıxışlardan sonra açılış konserti keçirilib.

“Xarıbülbül”ün bütün iştirakçılarının yer aldığı açılış kompozisiyasının müşayiəti ilə Qarabağ atından ibarət süvari dəstə ICESCO-ya üzv ölkələrin bayraqları ilə Cıdır düzünə daxil olub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala ICESCO-ya üzv ölkələrdən Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan və Türkiyədən ifaçı və kollektivlər qatılıb.

Açılış konsertində Azərbaycandan Xalq artistləri Arif Babayev, Gülyanaq Məmmədova, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Sevda Ələkbərzadə, Rəşad İlyasov, Qazaxıstandan Əməkdar artist Əlişer Kərimov, Qvineyadan Aboubakar Silla, Özbəkistandan Xalq artisti Nəsibə Abdullayeva, Türkiyədən Hüsnü Şənləndirici, həmçinin “Aşıqlar qrupu”, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Birləşmiş Ərəb Əmirliklərindən “Almazyood”, İndoneziyadan “Sendja Community”, Qətərdən “Qılınc rəqqasları”, Mərakeşdən “Tizwit” qrupları, Özbəkistandan “Navbahor” Mahnı və Rəqs Ansamblı, Türkiyədən “Anadolu atəşi” rəqs qrupu və digərləri çıxış ediblər.

Konsert iştirakçıların ifasında festivalı rəmzi olaraq təcəssüm etdirən “Səsin gəlsin, Xarıbülbül” mahnısı ilə yekunlaşıb.

Festivalın konsertləri mayın 12-də Şuşada, ayın 13-də isə Laçında davam edib.