Mayın 14-də Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun “Ver sözə ehya” adlı konsert proqramı təqdim olundu.
Görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun (1921–1992) xatirəsinə həsr olunan konsertdə xor bu dəfə tamaşaçıların görüşünə fərqli repertuar ilə gəlmişdi. Xorun bədii rəhbəri və dirijoru, Əməkdar müəllim Təranə Yusifova tərtib etdiyi proqrama Ü.Hacıbəyli, C.Cahangirov və Ramiz Mustafayevin əsərləri ilə yanaşı, müasir işləmələr də əlavə etmişdi.
Tədbirin aparıcısı Saleh Bağırov öncə Azərbaycanda xorun yaranma tarixi və inkişafı haqqında məlumat verdi. Müasir xor sənətimiz və onu yaşadanlar xatırlandı.
Daha sonra xorun ifasında bir-birindən maraqlı repertuar təqdim olundu. Xorun konsertinə dəstək verən Xalq artistləri Teyyub Aslanov, Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və ifaçı Vasif Hüseyn muğam, poeziya və etno-caz səpkili duetləri ilə gecəni daha da rövnəqləndirdilər.
Konsertmeyster Əməkdar artist Nərgiz Əliyevanın müşayiəti ilə xorun ifasında həmçinin müasir işləmələr, xarici bəstəkarların əsərləri ilə sintez nömrələr də səsləndi.
Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsi şagirdlərinin çıxışları da maraqla qarşılandı. Rejissor Mirsahib Qabiloğlunun quruluş verdiyi konsert musiqi-poeziya və ifa nömrələrinin həmahəngliyi ilə yadda qaldı. Məhəmməd Füzulinin və müasir şairlərimizin muğam və musiqiyə həsr olunan poeziya nümunələrinin xorun repertuarına uyğun seçilib səslənməsi də tamaşaçıların böyük marağına səbəb oldu.
Xatırladaq ki, Azərbaycanda xor sənətinin yaranması və inkişafı dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Hazırda Cahangir Cahangirovun adını daşıyan xor kollektivi 1936-cı ildə Üzeyir bəy tərəfindən yaradılıb. Kollektivə bir müddət bəstəkarın özü rəhbərlik edib. O, sonra kollektivə rəhbərliyi gənc bəstəkar Cahangir Cahangirova həvalə edib. Üzeyir bəy Azərbaycan xalq mahnılarını xor üçün işləyərək gənc bəstəkarlara da bu işi davam etdirməyi tövsiyə edib. Uzun illər Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivi olmuş kollektivin sənət yolunda Xalq artisti Ramiz Mustafayevin də böyük əməyi var. O, 50-ci illərdən ömrünün sonunadək xorun bədii rəhbəri olub.
Xatırladaq ki, Nazirlər Kabinetinin 31 oktyabr 2023-cü il tarixli qərarı ilə Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.
Lalə Azəri