Mayın 16-da Saatlı rayon Mədəniyyət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional xor müsabiqəsinin qala-konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyinin dəstəyi, Mil-Muğan və Mərkəzi Aran RMİ-lərin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Mərkəzi Aran RMİ-nin rəisi Aydın Bəşirov, Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı, müsabiqənin münsiflər heyətinin üzvləri, regionun idarə və təşkilatlarının rəhbərləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı çıxış edərək qonaqları salamlayıb, müsabiqədə qalib olmuş xor kollektivlərinə təbriklərini çatdırıb.

Konsertdə qalib xor kollektivlərinin, uşaq musiqi, incəsənət məktəbləri xalq çalğı alətləri ansambllarının ifasında bir-birindən maraqlı musiqi nömrələri, eyni zamanda Saatlı rayon “Adıgün” türk xalq folklor kollektivinin ifasında rəqs nömrələri təqdim edilib.

Mükafatlandırılma mərasimində Kürdəmir şəhər Uşaq incəsənət məktəbinin xor kollektivi Qran-pri mükafatı, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik Musiqi məktəbinin xor kollektivi I dərəcəli diplom, Ağdaş şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin xor kollektivi II dərəcəli diplom, Göyçay şəhər Arif Məmmədov adına Uşaq musiqi məktəbinin xor kollektivi III dərəcəli diplomla təltif edilib. Eyni zamanda Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbinin və Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq musiqi məktəbinin xor kollektivi diploma layiq görülüblər.

Qeyd edək ki, müsabiqədə hər iki regional idarədən 16 uşaq musiqi və incəsənət məktəbinin xor kollektivləri iştirak ediblər. Kollektivlərin ifası Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru Xalq artisti Gülbacı İmanova, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Aqil Qafulovdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

N.Məmmədli