Hərdən boş vaxtlarımda yolumu kitab satılan mağazalardan, kitab evlərindən salıram. Kitablara qoyulan qiymətlər, el dili ilə desək, od qiymətinədir. Ali məktəb dərsliklərinə yaxınlaşmaq isə heç mümkün deyil. “Kitab satılmır” - deyənlər, satılmamasının səbəbini yüz yerə yozanlar isə çoxdur. Sən demə, kitab heç də az gəlir gətirən biznes sahəsi deyil. Addımbaşı kurslar fəalliyyət göstərir, hər kurs da öz testini tərtib edib satışa buraxır, ən azından həmin kursda dərs alanlar o testləri almağa məcbur olurlar. Eyni fənn üzrə 10-15 adda test kitabı tərtib edilir, dərsliklər yazılır. Əslində bu qədər test kitabçaları, dərsliklər lazım deyil. TQDK-nın tərtib etdiyi test kitabçaları, proqromlar kifayətdir. Abituriyentlər, eləcə də onların valideynləri çaş-baş qalır, bilmirlər ki, hansı kitab, hansı test kitabçası daha yaxşıdır. İki-üç ildən bir içərisində mahiyyətcə çox cüzi dəyişikliklər edilərək, son nəşr adı altında testlər nəşr olunur. Bu saxta son nəşr məhsullarını alırlar
   “Çoxları yazdıqları kitablarla fəxr edirlər, mənsə oxuduqlarımla” - Xorxe Luis Borxesin dediyi bu fikir maraqlı səslənsə də, hələ bizə aid deyil. Çünki oxuduğumuz kitablar göz önündədir. İstənilən kütləvi tirajlı kitaba baxsaq, ya sevgi mesajları, ya ulduz falları, ya da gic-gic detektiv əsərlərdir. Hətta bəzi «qədeşlərin» türmə xatirələrindən ləzzət alanları da qeyd etməliyəm. Metroda beş kitab oxuyan adama rast gəlsən, onun üçü ulduz falı ilə bağlı kitabdır. Kəvakiblər bizləri aldatmaqda davam edir...
   Ölkədə ardı-arası kəsilmədən kitab nəşr olunur, ancaq oxunaqlı, yararlı kitabları tapmaq çətindir. Hanı bəs nəşr olunanlar? Müəlliflər kitablarını 300-500 tirajla çap etdirib dost-tanışa paylayırlar, tanınmış kitab mağazalarına, kitabxanalara vermirlər. Oxucular da belə nəşrlərdən xəbərsiz qalırlar. Odur ki, yaşı qədər kitab çıxarmış bəzi müəllifləri, professorları regionların əksəriyyətində tanımırlar.
   Kitab nəşr etmək bir çoxları üçün isə mərəzə çevrilib. Çoxu adına kəndinin-kəsəyinin, yayda quruyan, qışda donan çayların, cavan ölmüş nənələrinin adını yamayaraq bir ucdan kitab çıxarır. Kitabların adları da elə bu səpkilidi: “Dağ çayıyam”, “Aşıq eli” “Dağların həsrəti” və s. Həmin kitab sahiblərinə üz tutaraq deyirəm: heç olmasa, kitablarınıza elə ad verin ki, oxucu həvəslənib alsın, eybi yox, qoy sonra aldığına peşman olsun...
   Kitab mağazalarında yaxşı əsər axtaranda ya tapa bilmirik, ya da qiyməti adama “xox” eləyir. Necə deyərlər, sonda nənələrimiz, babalarımız deyənlərlə razılaşırıq: “Allah urusun dədəsinə rəhmət eləsin”. Yenə çarəsiz qalanda üz tutub gedirik sovet dövründə kütləvi tirajla nəşr olunan, qiymətləri ucuz, rəngləri solğun kitablara sarı. Bununla da, UCUZ ƏTİN ŞORBASI OLMAZ “QANUNU”NU alt-üst eləmiş oluruq.
   Son dövrlərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə nəşr olunan kitabların nəfis tərtibatını və yüksək çapını xüsusi qeyd etmək lazımdır. Fəqət, həmin kitablar əsasən ölkə kitabxanalarına hədiyyə edildiyi üçün satışda tapmaq olmur.

   Fərid