Bugünlərdə Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının əl işlərindən ibarət 6-cı xeyriyyə sərgisinin açılışı oldu. 

   Qaçqın, məcburi köçkün və şəhid ailələrinə yardım məqsədi daşıyan ənənəvi sərgi bu dəfə də rəngarəngliyi ilə diqqət çəkirdi. Mərasimdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim bu kimi layihələrin gerçəkləşməsinə göstərdiyi diqqətə görə əlaqədar qurum və şəxslərə təşəkkürünü bildirdi. Fondun yarandığı gündən şəhid ailələri, qaçqın və məcburi köçkünlərə yardım məsələlərini icra etdiyini və bu işi davam etdirəcəklərini diqqətə çatdıran natiq ehtiyacı olan insanların unudulmayacağını bildirdi. 
   
Fond rəhbəri həmçinin gənclərin müxtəlif sənət sahələrinə yiyələnmələri üçün kursların də fəaliyyət göstərdiyini, digər qrup gənclər üçün isə kompyuter, xarici dil və mühasibat kurslarının açıldığını diqqətə çatdırdı: «Bu gün təşkil olunan sərgi-yarmarka da bizim dəstək layihələrimizin gerçəkləşməsinə xidmət edir. 2009-cu ilin "Uşaq ili" elan olunmasını nəzərə alaraq, bu sərgidən əldə olunacaq vəsaitin köməyi ilə paytaxtın ümumtəhsil müəssisələrində "Uşaqlar arasında dişlərə qulluq mədəniyyətinin formalaşması" mövzusunda layihənin həyata keçirilməsi planlaşdırılıb. Türkiyə və Azərbaycan xanımlarının birgə əl əməyi, göz nuru ilə hazırladıqları sənət nümunələrini əldə edən hər kəs bu xeyirxah işə az da olsa qatqıda bulunacaqlar. Onu da qeyd edim ki, bu sərgi və digər tədbirlərimiz bütünlükdə ulu öndər Heydər Əliyevin «İki dövlət bir millət» devizinin davamıdır. Biz bundan sonra da bu şüarı əsas tutaraq Azərbaycan xalqının nümayəndələri qarşısında maddi və mənəvi dəstəklərimizi əsirgəməyəcək, hər zaman qardaş Azərbaycan xalqı ilə bir olduğumuzu isbat edəcəyik».
   Tədbirdə çıxış edən digər natiqlər - Türkiyənin ölkəmizdəki səfirinin həyat yoldaşı Günay Kılıç, Nazirlər Kabinetinin məsul işçisi Qurban Sadıqov, Səbail rayon icra hakiminin müavini və başqaları sərgi-yarmarkanın əhəmiyyətindən danışdılar, belə xeyriyyə addımlarından əldə olunan vəsaitin imtiyazlı şəxslərin müəyyən problemlərinin həllində müstəsna əhəmiyyət daşıdığını bildirdilər.