Aprelin 20-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdindəki İctimai Hüquqi İnformasiya Mərkəzində mütəxəssislər üçün elektron hüquqi bazalardan istifadə üzrə treninqlərlə bağlı tədbir keçirildi.
   
   Aprelin 24-ə kimi davam edəcək treninqlərdə "Elektron formada hüquqi informasiya mənbələri", "Rusiya Federasiyasının hüquqi-qanunvericilik bazası və qanunlar toplusu”, “Hüquqi informasiyanın rəsmi və dövri nəşrləri”, “Rusiya imperiyasının qanunlar toplusu”, bazalardan istifadə qaydaları və sözügedən bazalarda axtarışın həyata keçirilməsi və s. praktiki məşğələlər keçiriləcək.
   Tədbiri giriş sözü ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açaraq İctimai Hüquqi-İnformasiya Mərkəzinin 2 illik fəaliyyəti və təşkil olunmuş treninq-kurslar haqqında çıxış etdi.
   Yığıncaqda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, müxtəlif nazirliklərin, idarə və təşkilatların, habelə respublikanın şəhər və rayon kitabxanalarının mütəxəssisləri də iştirak etdilər.
   Qeyd edək ki, İctimai Hüquqi İnformasiya Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsinə dair Fəaliyyət Planının təsdiq edilməsi” haqqında Sərəncamına əsasən 2007-ci il 28 fevral tarixində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində yaradılıb. Rusiya Federasiyasının hüquqi qanunvericilik bazasına ödənişsiz daxilolma imkanı verən mərkəzin açılışında respublikanın bir sıra nazirlik, komitə, idarə və təşkilatlar, hüquq-mühafizə, məhkəmə orqanları iştirak edib. Şəhər və rayon mərkəzi kitabxanalarına sözügedən hüquqi qanunvericilik bazasına ödənişsiz daxilolma hüququ verilib.
   Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nda da şəhər, rayon Mərkəzi kitabxanaların nəzdində hüquqi-informasiya mərkəzlərinin, bir sıra rayon uşaq kitabxanalarında isə “Uşaq hüququ” informasiya mərkəzlərinin yaradılması nəzərdə tutulub.
   Həmin layihə çərçivəsində baş tutan treninqlərdə son zamanlar respublikada kitabxana - informasiya sahəsində aparılan islahatlar, hüquq sahəsində elektron resursların yaradılması və s. məsələlər haqqında məruzələr də olacaq.
   Treninq iştirakçıları respublikada elektron resursların yaradılması, hüquqi informasiya xidməti, habelə kitabxana - informasiya sahəsində qabaqcıl təcrübə qazanmış Prezident Kitabxanasının fəaliyyəti ilə tanış olacaqlar.
   
   Səbinə