Noyabrın 22-də Azərbaycanın Macarıstandakı səfirliyində “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda V beynəlxalq elmi konfrans başlayıb. Konfransda Azərbaycan, Macarıstan, Ukrayna, Polşa və Türkiyədən gəlmiş 50-dən çox alim iştirak edir. Tədbir Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Macarıstan Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin birgə layihəsi kimi həyata keçirilir.  

  Beynəlxalq elmi tədbirdə Azərbaycan və macar xalqlarının tarixi, arxeologiyası, etnoqrafiyası, dili və ədəbiyyatı, habelə çağdaş iqtisadi münasibətlər və beynəlxalq iqtisadi inteqrasiya prosesləri ilə bağlı məruzələr dinləniləcək.
   Tədbiri giriş sözü ilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstan Elmlər Akademiyasının Avropa Folkloru İnstitutunun direktoru, professor Mihal Hoppal açıblar. Sonra Tarix, Arxeologiya və Etnoqrafiya seksiyasının iclasları başlayıb. Beynəlxalq elmi konfrans noyabrın 26-dək davam edəcək.